SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından da çıxarılmalıdır - Deputat

Asim Mollazadə Təhlükəsizlik Şurasının da köhnə təfəkkürlü insanlardan "təmizlənməli" olduğunu deyib.
Sputnik
BAKI, 15 fevral — Sputnik. Elmlər Akademiyasında yaranmış vəziyyətin əsas səbəbi odur ki, bu qurum köhnə təfəkkürə malik şəxslər tərəfindən idarə olunurdu.
Bu sözləri Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə son günlər Azərbaycan Milli Elmlər Akademiyasında baş verən proseslərə münasibət bildirərkən deyib.
O qeyd edib ki, zamanında elmin idarə olunması ilə bağlı zəruri islahatlar ləngiyib. Elm və təhsilin vəhdətini təmin etmək üçün mütləq yeni qurumun yaradılmasına ehtiyac var. Bu qurum zəruri islahatları həyata keçirmək üçün müvafiq işlər görə bilər.
Asim Mollazadə eyni zamanda Ramiz Mehdiyevin Təhlükəsizlik Şurasından da çıxarılmasınını zəruri olduğunu qeyd edib.
"Köhnə təfəkkür təhlükəsi eyni zamanda Təhlükəsizlik Şurasında da var. Belə bir şəxsin orada olması Azərbaycan dövləti üçün müəyyən problemlər yarada bilər. Ən azından yenidən Sovet İttifaqının bərpası xülyası ilə yaşayan qüvvələrin təsiri ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü üçün hər zaman problem olub. İndi də bu cür fəaliyyətlər təhlükə yarada bilər. Ona görə də bu cür köhnə təfəkkürə malik olan şəxs mütləq Təhlükəsizlik Şurasından uzaqlaşdırılmalıdır", - Mollazadə deyib.
Deputat əlavə edib ki, ölkədə elmin islahatlarını sürətlə həyata keçirmək üçün yeni fəaliyyət olmalıdır:
"Gənclərə bu prosesdə mütləq böyük şərait yaradılmalı, imkanlar verilməlidir. Ramiz Mehdiyevlərin zamanı bitib!"
Qeyd edək ki, akademik Ramiz Mehdiyev fevralın 14-də AMEA prezidentliyindən istefa verib.
AMEA-nın vitse-prezidenti, Rəyasət Heyətinin üzvü Rasim Əliquliyevin verdiyi məlumata görə, ərizə Rəyasət Heyəti tərəfindən qəbul olunub:
“Ramiz Mehdiyev bildirib ki, sabah (bu gün-red.) cənab Prezidentə ərizəsini göndərəcək. O, Akademiyanın daxilində və ətrafında yaranmış vəziyyəti nəzərə alaraq istefa verdiyini bildirib”.
"Unikal"a açıqlamasında isə Ramiz Mehdiyev deyib ki, yaşla əlaqədar bu addımı atıb: "Bundan sonra evdə oturub kitablar yazmaqla məşğul olacağam".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Ramiz Mehdiyev niyə istefa verib?