BAKI, 15 fevral — Sputnik. Tbilisidə parlament yaxınlığında Yormuğanlı kənd sakinlərinin aksiyası davam edir. Sputnik Azərbaycan-ın "Report"un yerli bürosuna istinadən məlumatına görə, aksiyaçılar parlamentin sədri Şalva Papuaşvili ilə görüş tələb ediblər.
Kənd ağsaqqalı Arzuman Abbasov "Report"a açıqlamasında Nazim Nəbiyevin qarət olunaraq qətlə yetirildiyini ehtimal etdiyini bildirib: "Bugünədək işin üstü açılmayıb. Təəssüflər olsun ki, Gürcüstanın Daxili İşlər Nazirliyi məsələyə laqeyd yanaşır".
Aksiyada itkin düşmüş şəxsin həyat yoldaşı Kəmalə Nəbiyeva və bacısı Mehriban Nəbiyeva da iştirak edir. Onların sözlərinə görə, N.Nəbiyev 1 ay 20 gündür itkin düşüb, lakin indiyədək onun nə ölüsü, nə də dirisindən xəbər var.
Hazırda Gürcüstan parlamentinin Saqareco rayonu üzrə majoritar deputatı David Sonqulaşvili bir neçə aksiyaçı ilə görüş keçirir.
Qeyd edək ki, onlar bu ilin yanvarın 4-dən itkin düşmüş həmkəndliləri, 42 yaşlı Nazim Nəbiyevin axtarışlarının bu günədək heç bir nəticə verməməsindən narazılıqlarını bildirirlər.
Xatırladaq ki, N.Nəbiyev yanvarın 4-də Qardabani bələdiyyəsinin Qaracala kəndinə gedib. O, mal-qara almaq üçün üzərində 32 min lari pulla Kaspi rayonuna yollanmağa hazırlaşırdı. Yaxınları onun itkin düşməsini pulla əlaqələndirirlər.
Gürcüstanın Daxili İşlər Nazirliyində faktla bağlı azadlıqdan qanunsuz məhrumetmə maddəsi üzrə cinayət işi açılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.