CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan ilə Türkiyə arasında qida təhlükəsizliyi sahəsində Saziş təsdiqlənib

Tərəflər idxal və ixrac zamanı qida məhsullarının təhlükəsizliyini və yararlılığını təmin etmək üçün onların daşıdığı risk səviyyəsinə uyğun olaraq, qida məhsullarının ekspertizasını həyata keçirəcəklər.
Sputnik
BAKI, 15 fevral — Sputnik. Milli Məclisin bügünkü iclasında "Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi məsələsinə baxılıb.
Sputnik Azərbaycan xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi və Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi karantin tətbiq edilən zərərli orqanizmlər barədə məlumat mübadiləsi aparacaqlar.
Layihəyə əsasən, hər iki ölkədə qida məhsullarına verilən sertifikat nümunələrinin ekvivalentlik prinsipinə uyğun olaraq qarşılıqlı mübadiləsi, tanınması və dəyişikliklər barədə məlumat verilməsi təmin olunacaq. Eyni zamanda tərəflər dövlətlərin milli qanunvericiliyinə əsasən, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış qida məhsulları, eləcə də baytarlıq və fitosanitar nəzarəti altında olan qida məhsulları barədə məlumat mübadiləsi aparacaqlar.
Sənədə görə, Qida Təhlükəsizliyi Agentliyi və Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi idxal və ixrac zamanı qida məhsullarının təhlükəsizliyini və yararlılığını təmin etmək üçün onların daşıdığı risk səviyyəsinə uyğun olaraq, qida məhsullarının ekspertizasını həyata keçirəcəklər.
Layihəyə əsasən, tərəflər idxal olunan qida məhsullarının yoxlanılmasını ölkələrin milli qanunvericiliklərində nəzərdə tutulmuş qaydada risklərin qiymətləndirilməsinə əsaslanan qida nəzarət sisteminə uyğun olaraq aparılmasına razılıq verəcəklər.
Eyni zamanda, tərəflər idxal edilən qida məhsullarının istehsal prosesi ilə yerində tanış olmaq və keyfiyyətə nəzarət sistemlərini araşdırmaq üçün yüksək riskli obyektlərə (patogen mikroorqanizmlərin inkişafı üçün əlverişli şərait hesab edilə bilən qida məhsullarının ilkin istehsalı və emalı ilə məşğul olan obyektlər) səfər etmək hüququna malik olacaqlar. Bu səfərləri ixrac edən tərəf əlaqələndirəcək.
Müzakirələrdən sonra 2021-ci il sentyabrın 28-də Ankara şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında" Saziş təsdiq edilib.
Həmçinin oxuyun:
Milli Məclisin bugünkü gündəliyində Türkiyə məsələsi də var