CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sevgiyə bir gün ayırdılar... VİDEO

Müqəddəs Valentin Günü, yaxud da Sevgililər Günü – katolik mənşəli bayram olub, dünyanın bir çox ölkəsində fevralın 14-də qeyd olunur.
Sputnik
Valentin adlı iki xristian müqəddəsdən – İnteramnlı Valentin və Romalı Valentin – birinin adı ilə bağlıdır.
Bu günü qeyd edənlər bir-birinə hədiyyələr, çiçək, konfet, oyuncaq, hava şarları və daha çox ürək formasında olan, içinə şeir, sevgi etirafı yazılmış açıqcalar hədiyyə edirlər.

Müqəddəs Valentin haqda əfsanələr

Orta əsrlərdə Fransa və İngiltərədə Müqəddəs Valentin ilə bağlı əfsanələr çoxalmağa başladı. Bunlardan birinə görə, Romanın qəddar imperatru II Klavdi ailəsi, qadını olmayan tənha kişinin döyüşdə özünü daha yaxşı göstərəcəyi qənaətinə gəldiyindən kişilərə evlənməyi, qız və qadınlara ərə getməyi yasaqladı.
Hərbi həkim və din xadimi olan Müqəddəs Valentin isə bədbəxt sevgililərin halına yanaraq gecələr, hamıdan gizli onların nikahını qıyırmış. Bundan xəbər tutub Valentini həbsə atır, 269-cu il fevralın 14-də isə edam edirlər.
Başqa bi əfsanəyə görə, romalı əsilzadə Valentin gizli xristian idi və nökərlərini də bu yeni dinə gətirmişdi. Bir dəfə o, həmin nökərlərindən ikisinin nikahını qıyırmış. Necə olursa, onların hər üçünü keşikçilər tuturlar. Əsilzadə olan Valentin ölümdən qurtula bilərdi, nökərləri isə yox. O zaman din qardaşlarına dəstək vermək üçün Valentin onlara xristian sevgisinin rəmzi olan qırmızı ürək formasında kağızlarda məktublar yollayır. Məktubları yeni evlənənlərə kor qızcığaz çatdırmalı idi. Ancaq qəfildən Valentin özü həbsxanaya gəlir və keşikçidən öz həyatı qarşılığında nökərlərinin azadlığa buraxılmasını xahiş edir. Ölümə gedən Valentin son məktubu kor qıza verir, həmin qızın isə bundan sonra gözü açılır.

Ədəbiyyatın təsiri

Valentin Gününün qeyd olunması ənənəsi XIV sonlarında ingilis və fransız ədəbiyyatının təsiri ilə daha da güclənib. İngilis ədəbi dilinin atası sayılan Cefri Çoser məşhur “Quş parlamenti” əsərində xalq inanclarını əks etdirir və orada qeyd olunur ki, Müqəddəs Valentin Günündə quşlar özlərinə tay axtarırlar.
Poema II Riçardla Çexiyalı Annanın nişanlanması səbəbilə yazılmışdı. Nişan isə 1381-ci il mayın 2-də baş tutmuşdu. Səkkiz ay sonra onlar evlənəndə hər birinin cəmi 15 yaşı vardı.

Valentin açıqcası

Valentin Günü sevgililərin bir-birinə verdikləri açıqcalar adətən ürək formasında olur. Onların ənənəvi rəngi qırmızı və ya çəhrayıdır. Bu açıqcalar sevgi və sədaqətin simvollarıdır.
Ən qədim Valentin açıqcası İngiltərə kitabxanalarının birində tapılıb. O, 1477-ci ildə yazılıb. Məktubda qız gənc adamdan sevgisini sübut etməyini istəyir, əlavə də edir ki, nəyin bahasına olur-olsun anasından cehiz almağa nail olacaq.
İlk Valentin açıqcasını Orlean hersoqunun ayağına da yazırlar. Deyilənə görə, 1415-ci ildə o, qazamatda dərd-qəmini, həsrətini dağıtmaqdan ötrü arvadına sevgi məktubları yazırmış.

Valentin Gününü kim necə qeyd edir

Avropada Valentin Gününü XII—XIII əsrlərdən qeyd etməyə başlayıblar.
Böyük Britaniyada XIX əsrdə Valentin açıqcası göndərmək dəb idi. Qızlar isə gələcək həyat yoldaşlarının kimliyini öyrənmək üçün pəncərə falına baxırdılar.
Böyük Britaniyada, Bristol parklarından birində rəssamların parkda çəkdikləri ürəklər. Arxiv şəkli
Danimarkada və Kanadada sevgililər bir-birlərinə qurudulmuş bəyaz güllər hədiyyə edirlər.
Avstriyada təzə qırmızı qızılgüllər bağışlamaq dəbdir. Almaniyada da bir qayda olaraq qırmızı güllər hədiyyə olunur.
İspaniyada isə hər kəs sevdiyi gülü alır.
Fransızlar sevgililərinə zinət əşyaları bağışlayırlar.
ABŞ-da əvvəllər Britaniya üsulu ilə hazırlanmış Valentin açıqcaları, XX əsrdə isə bahalı martsipan bağışlamaq dəb idi.
Səudiyyə Ərəbistanında Valentin Gününü qeyd edəni böyük məbləğdə cərimə gözləyir.
Yaponiyada qızlar həm sevdiklərinə, həm dostlarına şokolad hədiyyə edirlər. Kişilər həmin gün şokolad bağışlaya bilməzlər, ayıb sayılır. Qızın seçdiyi kişi ona bir ay sonra (“ağ gün”də) ağ şokolad bağışlaya bilər.