BAKI, 14 fevral — Sputnik. Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən işğaldan azad edilmiş ərazilərdə nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar örtüyündən təmizlənir.
Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yolları çəkilir. Eyni zamanda, əkin sahələrinin minalardan təmizlənməsi üzrə fəaliyyətlər icra olunur.
Azad olunan ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində fevralın 1-dən 14-dək olan müddət ərzində 374 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib.
İşğaldan azad olunan ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 13868 hektardan artıq ərazi minalardan təmizlənib. Ümumilikdə 6092 ədəd piyada əleyhinə, 2159 ədəd tank əleyhinə və 9012 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.
Mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.
Qeyd edək ki, ANAMA-nın son olaraq açıqladığı həftəlik məlumata görə, fevralın 1-dən 5-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 7 piyada əleyhinə mina, 10 tank əleyhinə mina və 42 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 51.3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarına cəlb olunan yerli şirkətlərin minaaxtaranları ANAMA-nın Əsas Humanitar Minatəmizləmə və Döyüş Sahələrinin Təmizlənməsi təlimlərində iştirak edib və akkreditasiyadan keçiriliblər.
Bununla yanaşı, minatəmizləmə əməliyyatlarında iştirak edən şirkətlər beynəlxalq minatəmizləmə standartlarına cavab verən xüsusi təyinatlı mexaniki minatəmizləmə maşınları, minaaxtaran itlər, detektorlar, ambulanslar, zirehli texnika, eləcə də fərdi qoruyucu geyimlərlə təchiz olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.