BAKI, 14 fevral — Sputnik. Peşə məktəblərində axşam qrupları bərpa oluna bilər. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru müavini, direktor vəzifəsini müvafiq icra edən Ceyhun Kərəmov deyib.
Onun sözlərinə görə, əmək bazarının tələblərini nəzərə alaraq axşam qruplarının açılmasına şərait yaradılacaq: "Axşam qrupları hazırda çalışan vətəndaşlara bilik və bacarıqlarını artırmağa imkan verəcək. Tədrisin qiyabi yox, əyani formada təşkili nəzərdə tutulub. Tədrisin pulsuz və ya ödənişli olacağı barədə hələlik bir məlumat yoxdur. Bu istiqamətdə araşdırmalar davam edir. Bütün bunlar qəbul planı təsdiq edildikdən sonra məlum olacaq. Daha çox texniki sahədə kadr hazırlığına üstünlük veriləcək. Yəni, qaynaqçı, elektrik və digər ixtisaslar olacaq".
C.Kərəmov onu da qeyd edib ki, peşə təhsili üçün ali təhsilli şəxslər də müraciət edirlər: "İl ərzində peşə təhsili almaq üçün müraciət edənlərin təxminən 5 faizi ali təhsil almış şəxslərdir. Çünki onlar sonradan dərk edirlər ki, aldıqları təhsil əmək bazarının tələblərinə uyğun deyil. Ona görə də texniki biliklər almaq üçün peşə məktəblərinə üz tuturlar".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.