MƏDƏNİYYƏT

Kinoşünas: 90-cı illərdə kinomuzda xanlıqlar dövrü hökm sürürdü"

Kinoşünas təəssüf hissi ilə qeyd edir ki, Birinci Qarabağ savaşını da əks etdirən filmlər olduqca azdır.
Sputnik
BAKI, 13 fevral — Sputnik. Son günlər Ermənistanın lentə aldığı və martda nümayişi gözlənilən "Bahar" adlı filmin treyleri gündəmi zəbt edib. Film İkinci Qarabağ savaşından bəhs edir. Məğlub tərəf, yəni Ermənistan bu məsələdə bizdən qabağa düşüb. Azərbaycan tamaşaçılarını narazı salan səbəb də budur ki, biz qalib olduğumuz halda, niyə hələ də müharibəni əks etdirən bədii film ekranlara çıxmayıb?
Kinoşünas Aydın Kazımzadə Sputnik Azərbaycan-a verdiyi açıqlamasında bildirir ki, ermənilər həmişə, hələ Sovet dönəmində də bu sahədə aktiv idilər. Hər zaman qondarma erməni soyqırımı haqqında filmlər çəkib dünyaya çatdırıblar. Biz isə real hadisələri belə, dünyaya çatdıra bilmirik:
"İlham Əliyev müharibədən əvvəl deyirdi ki, yetər artıq gözlədik. Artıq hücuma keçmək zamanıdır. Əliyev "hücuma keçmək" deyəndə müharibəni nəzərdə tutmurdu. İnformasiya müharibəsini nəzərdə tuturdu. Onlar yanlış informasiya verirlər, sonra biz təkzib edirik. Filmdə də belədir, artıq onlar çəkib dünyaya nümayiş etdiriblər, biz isə hələ heç nə ortaya çıxarmamışıq.
Bəli, bizdə Qarabağ müharibəsini əks etdirən sənədli filmlər var. Məsələn "Biz", "Şuşa, sən azadsan!" Amma bu kifayət etmir. Ermənilər Gəncədəki terror hadisəsini dünyaya elə çatdırdılar ki, dünya elə bildi ki, o hadisə Ermənistanda baş verib. Elə bir film çəkilməlidir ki, bizim bu şanlı qələbəmizdə haqlı tərəf olduğumuzu hər kəs bilsin. Bunu çatdırmaq üçün kino əvəzsiz vasitədir".
Kinoşünas təəssüf hissi ilə qeyd edir ki, Birinci Qarabağ savaşını da əks etdirən filmlər olduqca azdır. O, bunun səbəbini belə izah etdi: "XVIII-XIX əsrlərdə Azərbaycanda Xanlıqlar dövrü olduğu kimi, 90-cı illərdə də Azərbaycan kinostudiyasında "xanlıqlar" yarandı. Kinoteatrlar ləğv olundu. Hərə bir xan olmuşdu.
Rəhmətlik Tofiq Tağızadə pul tapıb film çəkmək istəyirdi, onu kinostudiyaya buraxmamışdılar. Rejissor əsəbləşmişdi ki, "mən buranı yaratdığım halda mənə necə bura girməyə icazə verməzsiniz?" Hərc-mərclik yaranmışdı. Oranın həyəti satıldı, orada müəyyən iaşə obyektləri, 16 mərtəbəli bina tikdilər. Beləliklə, Azərbaycan milli kinosunun evini yıxdılar. Kinomuzun dirçəlməyi uzun zaman alacaq".
Məsələ ilə bağlı kinosevərlərin qınaq obyektinə çevirdiyi Mədəniyyət Nazirliyi ilə də əlaqə saxladıq. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsində baş məsləhətçisi Ramil Ələkbərovun verdiyi açıqlamaya görə, Mədəniyyət Nazirliyi ötən bir il ərzində Vətən müharibəsindəki qələbəmizə həsr olunmuş 20-dən artıq müxtəlif metrajlı filmin istehsalına maliyyə dəstəyi göstərib.
Bu ekran əsərləri arasında həm dövlət studiyaları, həm də özəl prodüser mərkəzləri tərəfindən çəkilən filmlər var:
"Mədəniyyət Nazirliyi tərəfindən Vətən müharibəsinə həsr olunmuş "Böyük qayıdış" qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi uğurla başa çatıb. Müsabiqədə seçilən 11 film layihəsinin istehsalı istiqamətində tamamlanma işləri davam etdirilir. Nazirliyin dəstəyi ilə çəkilən "Biz" və "Şuşa, sən azadsan!" sənədli filmləri artıq 2021-ci ildə tamaşaçılara təqdim olunub".
Nazirlik rəsmisi qeyd edir ki, bundan əlavə, ötən il ərzində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə İctimai Televiziyanın müştərək işi olan 5 filmdən ibarət "Görünməyən qəhrəmanlar" adlı sənədli filmlər silsiləsi istehsal olunub. Bu filmlərin hər biri müxtəlif qoşun növlərinin qəhrəman zabit və əsgər heyətinin 44 günlük müharibə müddətində keçdiyi şərəfli döyüş yolundan bəhs edir.
Sənədli silsilə noyabr ayının ilk həftəsində - qələbənin birinci ildönümü ərəfəsində İctimai Televiziyada nümayiş etdirilib və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb: "İnternetdə sözügedən filmlərin onlayn baxış sayı artıq 1 milyonu keçib. Biz bu layihəni davam etdirmək niyyətindəyik. Belə ki, hazırda "Görünməyən qəhrəmanlar-2" layihəsinin hazırlıqlarına başlanılıb".
R.Ələkbərov onu da vurğulayıb ki, "Salnaməfilm" studiyasında hər il olduğu kimi, 2021-ci ildə də "Azərbaycanın Milli Qəhrəmanları" adlı silsilə sənədli filmlərin istehsalı davam etdirilib. İl ərzində bu silsilədən 10-a yaxın film çəkilib: Nazirliyin dəstəyi ilə çəkilən "Doğma torpaq" və "Həyat, deyəsən, gözəldir" filmləri üzərində tamamlama işləri aparılır. "Doğma torpaq" filminin rejissoru və ssenari müəllifi İlqar Safat, "Həyat, deyəsən, gözəldir" filminin rejissoru və ssenari müəllifi Xalq artisti Vaqif Mustafayevdir".
Müsahibimiz əlavə edir ki, filmlərin son tamamlanma işləri başa çatdırıldıqdan sonra festival həyatı başlayacaq: "Əvvəl də elan etdiyimiz kimi, 2022-ci ildə Qarabağla bağlı döyüş filminin istehsalına başlanılacaq. Hazırda ssenari üzərində iş gedir. İstənilən tammetrajlı bədii film layihəsini hazırlamaq müəyyən vaxt tələb edir. Əgər bu real faktlar və yaxın tarix haqqında filmdirsə, burada daha ciddi və məsuliyyətli prosesdən söhbət gedir. Hazırda ssenari yazılışı prosesində müharibə ilə bağlı məlumatlar, hekayələr toplanır, emal olunur. Yəni, işin daha mükəmməl olması bir az vaxt tələb edir. Qeyd edək ki, bu il ərzində sözügedən filmin ssenarisinin hazırlanması, hazırlıq prosesinin aparılması və çəkilişinə başlanılması nəzərdə tutulub".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.