BAKI, 13 fevral — Sputnik. Ölkə başçısı Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Sənədə əsasən, Agentliyin nizamnaməsi, strukturu təsdiqlənib. Fərmana görə, Nazirlər Kabineti "Dövlət ehtiyatları haqqında" qanun layihəsini hazırlayıb dövlət başçısına təqdim etməli, ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların siyahısını təsdiqləməlidir.
Ərzaq təhlükəsizliyinə xüsusi töhfə
Fərmanı şərh edən deputat Vüqar Bayramov Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycan müasir çağırışlara uyğun olaraq ərzaq təhlükəsizliyi və ərzaq təminatının formalaşması, xüsusən də dövlət ehtiyatının artırılması ilə bağlı sistemli fəaliyyət həyata keçirir: "Prezidentin göstərişlərinə uyğun olaraq Dövlət Taxıl Fondunun ehtiyatlarının artırılması, dövlət ehtiyatları üçün vəsaitlərin cəlb edilməsi və ərzaq təminatının formalaşması əsas prioritetlərdən biridir. Bu baxımdan Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Prezidentinin fərmanı bir mənalı şəkildə ölkəmizdə ərzaq təhlükəsizliyinə xüsusi töhfə verəcək".
Strateji malların siyahısı təsdiq ediləcək
"Sənədə əsasən, Nazirlər Kabineti 3 ay müddətində ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların siyahısını Prezidentlə razılaşdırmaqla təsdiq etməlidir. Bu isə ondan xəbər verir ki, istehlak bazarında dəyişikliklər, qlobal bazardakı çağırışlar və buna uyğun olaraq ehtiyatların formalaşması əsas hədəflərdən biri olaraq qalmaqdadır"-deyə o qeyd edib.
Dünyada ərzaq qıtlığı gözlənilir
Deputat bildirib ki, qlobal bazarda növbəti illərdə hətta ərzaq qıtlığının olacağı proqnozlaşdırılır: "Qlobal bazarda ərzağa tələb artır. Amma buna rəğmən biz təklifin azalmasını müşahidə edirik. Azərbaycanda ehtiyatların formalaşması həm də qlobal bazardakı dəyişikliklərin ölkədə istehlak bazarına, ərzaq təhlükəsizliyinə təsirlərini minimumlaşdırmaq məqsədi daşıyır".
Ölkədə ərzaq təhlükəsizliyi, ərzaq təminatı prioritetdir
"Bu fərman bir daha təsdiq edir ki, Azərbaycanda ərzaq təhlükəsizliyi və ərzaq təminatı prioritetdir. Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasət həm də ölkədə ərzaq ilə təminatda dayanıqlığın formalaşmasına, ehtiyatların həcminin artırılmasına xidmət edir"-deyə millət vəkili əlavə edib.
"Dövlət ehtiyatları haqqında" qanun hazırlanacaq
Qeyd edək ki, sənədə əsasən, Nazirlər Kabineti Agentliyin nizamnamə fondunun formalaşdırılması üçün bu ilin dövlət büdcəsindən 2 milyon 516 min 300 manat vəsaitin Agentliyə ayrılmasını təmin etməli, "Dövlət ehtiyatları haqqında" qanunun layihəsini hazırlayıb 4 ay müddətində dövlət başçısına təqdim etməli, 3 ay müddətində ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların siyahısını Prezidentlə razılaşdırmaqla təsdiq etməli, dövlət, səfərbərlik ehtiyatlarının yaradılmasına, saxlanılmasına, idarə edilməsinə, bundan irəli gələn digər məsələlərin tənzimlənməsinə dair təkliflərini dövlət başçısına təqdim etməlidir.
Qurumun strukturu müəyyən edilib
Prezident İlham Əliyevin imzaladığı fərmanla Dövlət Ehtiyatları Agentliyinin strukturu təsdiqlənib. Agentliyin strukturu belə olacaq: Dövlət Ehtiyatları Agentliyinin Aparatı, Dövlət Ehtiyatları Agentliyinin idarə, filial, nümayəndəlikləri.
Agentliyin Nizamnaməsi
Agentlik dövlət və səfərbərlik ehtiyatlarının yaradılması, idarə olunması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığını təmin etmək, daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görən, habelə Dövlət Taxıl Fondunun sərəncamçısı olan publik hüquqi şəxsdir.
Beləliklə, Azərbaycanda daxili bazarda strateji əhəmiyyətli mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısının alınması istiqamətində tədbirləri həyata keçirəcək qurum müəyyənləşib.
Agentliyin fəaliyyət istiqamətləri
Müvafiq sahədə dövlət siyasətinin formalaşmasında, həyata keçirilməsində iştirak etmək;
Dövlət, səfərbərlik ehtiyatlarının yaradılmasını, yerləşdirilməsini, saxlanılmasını, yenilənməsini (əvəzlənməsini), idarə olunmasını, mühafizəsini təmin etmək;
Dövlət Taxıl Fonduna taxılın tədarük edilməsini, saxlanılmasını, yenilənməsini (əvəzlənməsini) həyata keçirmək;
Dövlət, səfərbərlik ehtiyatlarının yaradılması üzrə dövlət sifarişinin hazırlanması ilə bağlı tədbirlər görmək;
Monitorinqlər aparılmasını təşkil etmək, proqnozlaşdırmada iştirak etmək.
Agentliyin fəaliyyətinə nəzarətin forması, əhatə dairəsi
Agentliyin fəaliyyətinə nəzarəti Azərbaycan Prezidenti, Nazirlər Kabineti, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada Agentliyin İdarə Heyəti həyata keçirirlər.
Agentliyin fəaliyyətinə dair illik hesabat Azərbaycan Prezidentinə təqdim edilir.
İdarə Heyəti Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyəti tərkibi 3 üzvdən – Azərbaycan Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyətinin sədrindən, onun 2 müavinindən ibarətdir.
Agentlik dövlət sirri olan məlumatlar barədə sərəncam verəcək
Prezident İlham Əliyev "Dövlət sirrinə aid edilən məlumatların Siyahısı"nın təsdiq edilməsi haqqında" 3 iyun 2005-ci il tarixli fərmanında dəyişiklik edib. Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanlarının siyahısına Dövlət Ehtiyatları Agentliyi də əlavə edilib.