BAKI, 12 fevral — Sputnik. Avstraliya koalası rəsmi şəkildə nəsli kəsilməkdə olan heyvan növü kimi tanınıb. Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Avstraliya hökuməti koalanı üç regionda - Yeni Cənubi Uels, Kvinslend və Avstraliya Paytaxt Ərazisində nəsli kəsilməkdə olan növlərin siyahısına salıb.
Avstraliyanın ətraf mühitin mühafizəsi naziri Sussan Ley bildirib ki, koalaların nəsli kəsilməkdə olan növ kimi tanınması bu heyvanların üzləşdiyi problemlərdən xəbər verir. Onun sözlərinə görə, nazirlik koalaların populyasiyasının bərpa olunması üçün milli plan işləyib-hazırlayacaq.
Qeyd edək ki, yaşayış yerlərinin məhv olması, xəstəliklər və iqlim dəyişikliyi sözügedən heyvanın populyasiyasının sürətlə azalmasına səbəb olub. Təkcə 2019-2020-ci illər yanğın mövsümündə 60 mindən çox koala məhv olub. Bəzi hesablamalara görə, əlavə dəstək olmasa, 2050-ci ilə qədər Yeni Cənubi Uelsdə koalaların nəsli tamamilə kəsilə bilər.
Ətraf mühit mühafizəçiləri federal hökuməti koalaları qorumaq üçün sistematik tədbirlər görməməkdə günahlandırırlar. Onların sözlərinə görə, hələ on il əvvəl bu heyvanlarla bağlı vəziyyətin həssas olduğu bildirilsə də, hakimiyyyət orqanları həmin vaxtdan indiyə kimi kolaların yaşayış yerləri hesab olunan 25.000 hektardan çox ərazidə ağacların qırılmasına razılıq verib.
Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Kitab"ına görə, hazırda vəhşi təbiətdə 500.000-dən az koala qalıb. Avstraliya Koala Fondu isə bundan əvvəl reallıqda 60.000-dən az koalanın sağ qaldığını bildirmişdi.
"Milli ətraf mühit qanunvericiliyi o qədər təsirsizdir ki, hələ on il əvvəl qorunduğu iddia edilən koalaların Kvinslend və Yeni Cənubi Uelsdə yaşayış yerlərinin məhvini dayandırmağa imkan vermir", - deyə Avstraliyanın Təbiəti Mühafizə Fondundan Başa Stasak bildirib.
Bununla belə, Avstraliya hökuməti yanvarın sonunda koalaları qorumaq üçün tədbirlər görüb. Hökumət heyvanların populyasiyasını və yaşadıqları mühiti bərpa etmək üçün növbəti dörd il ərzində 50 milyon Avstraliya dolları (35,6 milyon dollar) ayrılacağını vəd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.