BAKI, 12 fevral — Sputnik. Bakalavr ixtisası fərqli, magistr təhsili müəllimlik olanlar MİQ-də iştirak edə bilməz. Təhsil Nazirliyinin məlumatına görə, müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsində baza təhsili (bakalavr) müəllimlik ixtisası olan namizədlərin ərizəsi qəbul olunur.
Belə olan halda sual ortaya çıxır: Baza təhsili olmayan şəxslərin MİQ imtahanlarında iştirakı mümkün deyilsə, o zaman nə üçün magistratura pilləsinə bu şəxslərin sənədləri qəbul olunur?
Milli Məclisin Elm və Təhsil siyasəti komitəsinin üzvi Ceyhun Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bu məsələdə bir ziddiyətin olduğunu deyib:
"Müəllimlik peşəsi konkret bilik və bacarıqlar tələb edir. Bu baxımdan hesab edirəm ki, şəxs magistratura pilləsində müəllimlik ixtisası üzrə təhsil alıb, lakin bakalavr pilləsində müəllimlik üzrə təhsil almayıbsa, müəllimlərin işə qəbulu prosesində onların MİQ imtahanına buraxılmaması ilə bağlı qərarın qəbulu doğrudur. İki il magistratura təhsili alıb müəllim olmağı düzgün hesab etmirəm. Lakin baza təhsili olmayan belə şəxslər magistratura pilləsində təhsil alırsa, hesab edirəm ki, burada anlaşılmazlıq, ziddiyyət var".
Millət vəkili Ceyhun Məmmədov deyir ki, əlaqədar quryumlar mütləq bu uyğunsuzluğu aradan qaldırmalıdır:
"Müəllimlərin işə qəbulu zamanı baza təhsili tələb olunursa, magistratura təhsili yetərli deyilsə, Təhsil Nazirliyi bu təhsili əsas olaraq qəbul etmirsə, hesab edirəm ki, magistratura pilləsində baza təhsili müəllimlik olmayan şəxslər üçün yerlərin açılması məsələsinə baxmalıyıq. Təsəvvür edin, mənim baza təhsilim müəllimlik deyil, lakin magistratura pilləsində müəllimlik ixtisasına yiyələnirəm. Amma MİQ-in imtahanında iştirak etmək istəyəndə, deyirlər ki, baza təhsilin olmalıdır. Sonradan vətəndaşlar dövlətdən narazı qalmasın deyə bu məsələyə baxılmalıdır. Bu barədə düşünməliyik".
Təhsil üzrə ekspert Elşən Qafarov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər bir peşə üzrə işə qəbulda müəyyən tələblər var. Bu tələblər özünü Vahid Tarif-İxtisas Sorğu kitabında göstərir:
"Təhsil işçilərinin Vahid Tarif -İxtisas Sorğu kitabı da 20 dekabr 2017-ci ildə qəbul edilib, 1 yanvar 2018-ci ildən qüvvədədir. Həmin Vahid Tarif -İxtisas Sorğu kitabının yeddinci bölməsi ümumi təhsilə aiddir. Burada qeyd olunur ki, əsas baza təhsili pedoqoji olmalıdır. Yəni, baza təhsili pedoqoji olmayanların MİQ imtahanlarına buraxılmaması qanunidir".
Ekspertin sözlərinə görə, istənilən ixtisasda əslində baza təhsili olanlar magistr təhsili almalıdır:
"Lakin təəssüflər olsun ki, bizdə bu, yoxdur. Bakalavr təhsilinin nə olmasından asılı omayaraq, fərqli ixtisaslar üzrə magistr təhsili almaq mümkündür".
O bildirir ki, magistraturaya daxil olanda istiqamətlər üzrə şərt qoyulmur. Ona görə də, ölkədə magistr təhsili elə də ürəkaçan səviyyədə deyil:
"Magistratura təhsili əslində elmi və elmi-pedaqoji işlə məşğul olmaq üçündür. Ümumiyyətlə, magistratura təhsili bizdə formal keçirilir. Baxmayaraq ki, bu, elmi-pedoqoji fəaliyyətdir. Magistraturanı bitirənlər elmi iş yazmalıdır. Lakin əksər məzunların heç yazdığı elmi işlərindən xəbərləri yoxdur. Bu elmi işləri müəllimlər onlar üçün yazırlar".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Sadəcə magistr təhsili müəllimlik olanlara bəd xəbər - Nazirlik onlardan imtina edir
Nazir müəllimi müdafiə etdi: Sərt cəza tədbirləri qəbuledilən deyil