RUSİYA

Azərbaycandan Rusiyaya ilk “Aqroekspress” göndərildi

“Aqroekspress” sürətlə ərzaq tədarükünü təmin etmək məqsədi daşıyır, Rusiya artıq bu layihəni Özbəkistanla uğurla həyata keçirib.
Sputnik
BAKI, 12 fevral - Sputnik. Bu gün Azərbaycanda “Aqroekspress” layihəsinin icra olunması çərçivəsində Ləcət stansiyasında ilk yük qatarının təntənəli göndərilmə mərasimi baş tutub.
Mərasimdə bildirilib ki, “Aqroekspress” layihəsi Azərbaycan-Rusiya İşgüzar Şurası, “Rusiya İxrac Mərkəzi” SC (RİM), “Roseksimbank” SC, “Azərbaycan Dəmir Yolları” QSC, “RDY” ASC-nin dəstəyi ilə “Alliance Logistics” MMC və “RDY Logistika” SC tərəfindən həyata keçirilir.
“Aqroekspress” – effektiv şəkildə qurulmuş ixrac-idxal logistika sistemi sayəsində çatdırılma müddətini və daşınma xərclərini azaltmağa kömək edən, yüklərin sürət qatarları vasitəsilə çatdırılması üzrə “RDY Logistika” SC və “Rusiya İxrac Mərkəzi” SC-nin ixtisaslaşmış xidmətidir. Azərbaycandan Rusiyaya “Aqroekspress” vasitəsilə çatdırılan ilk yük meyvə-tərəvəz məhsulları, xüsusilə Rusiya bazarında tələbatın yüksək olduğu təzə Azərbaycan xurması olub.
“Alliance Logistics” MMC-nin rəhbəri Natiq Heydərov qeyd edib ki, bu, “Aqroekspress” layihəsinin həyata keçirilməsində uğurlu başlanğıcdır: "Biz onun böyük potensiala malik olduğunu görürük. Layihənin bir çox üstünlüklərini nəzərə alaraq, bu sadəcə alternativ deyil, ən sərfəli marşrutlardan biri olacaq.
Sözsüz ki, proseslərin tənzimlənməsi və təkmilləşdirilməsi üzərində çalışacağıq və yaxın zamanda daşımaları müntəzəm olaraq həyata keçirməyi planlaşdırırıq. Həmçinin, “Şimal-Cənub” BND-nin inkişaf etdirilməsi çərçivəsində yüklərin Rusiyaya daşınması üçün “Astara” stansiyasının “Aqroekspress” marşrutuna qoşulması üzərində işlər fəal şəkildə davam etdirilir. Ümumilikdə bu layihə ölkələrimizdə yalnız logistika və ticarət sahəsinin deyil, kənd təsərrüfatı müəssisələrinin də inkişafına töhfə verəcək”.
“RDY Logistika” SC-nin baş direktoru Dmitriy Murev deyib ki, “Aqroekspress” xidməti bir növ sinergetik modeldir: "Bu model çərçivəsində biz biznes üçün maksimal dərəcədə effektiv alətin əldə olunması məqsədilə bir çox iştirakçıların fəaliyyətini optimallaşdırırıq. İlk növbədə, söhbət kiçik və orta biznesə aid olan aqrar-sənaye kompleksi müəssisələrindən gedir.
Ekspertlərin fikrincə, bu gün "Şimal-Cənub" BND üzrə yük dövriyyəsi potensialı çox yüksək səviyyədədir və davam edən konteynerləşməni və bütün dəmir yolu şəbəkəsi üzrə yük dövriyyəsinin müsbət dinamikasını nəzərə alsaq, o, yalnız artacaq. Digər nəqliyyat növləri ilə müqayisədə aqrar məhsulların dəmiryolu daşımaları sərfəli, sürətli və rahatdır”.
“ROSEKSİMBANK” SC-nin İdarə Heyətinin sədri Azər Talıbov bildirib ki, ixrac mallarının rəqabət qabiliyyəti böyük dərəcədə onların daşınması və paylanmasının effektiv sxemləri ilə təmin edilir. “Agroexpress” layihəsi məhz bu məqsədə nail olur və Rusiya kənd təsərrüfatı məhsullarının xarici bazarlarda təşviqinə öz töhfəsini verir:
"Bundan əlavə, “Agroexpress” müasir texnologiyalardan və optimallaşdırılmış nəzarət prosedurlarından istifadə etməklə yüksək keyfiyyətli logistika xidmətləri sayəsində ixrac tədarüklərinin həcmini artıracaq. Biz görürük ki, Azərbaycanda “Agroexpress” artıq öz vəzifəsini yerinə yetirir və ixracatçılar arasında ona tələbat böyükdür. “Şimal-Cənub” BND marşrutları üzrə belə kompleks logistik xidmətlərin inkişafı yaxın gələcəkdə Rusiya istehsalçılarına Xəzər hövzəsi, Fars körfəzi və Cənubi Asiya ölkələri ilə əməkdaşlığı genişləndirməyə imkan verəcək”.
Azərbaycandan Rusiyaya ilk “Aqroekspress” göndərildi
Tədbirdə çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib ki, Azərbaycan və Rusiya arasında müxtəlif sahələrdə əməkdaşlıq mövcuddur, iki ölkə strateji tərəfdaşdır. Onun sözlərinə görə, Azərbaycan və Rusiya prezidentlərinin yaxın əlaqələri dövlətlərarası əməkdaşlıq üçün stimuldur.
Səfir deyib ki, hökumətlərarası komissiyanın iclasında iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da güclənməsi müzakirə olunub və bu istiqamətdə fəal işlər görülür. İqtisadi və ticari əlaqələrin şaxələndirilməsi üçün işlər aparılır. Rusiyalı diplomatın sözlərinə görə, bu gün açılan "Aqro Ekspress" iqtisadi əməkdaşlıq istiqamətində yeni bir addımdır. Səfir deyib ki, bu il iki ölkə arasında ticarət dövriyyəsi 3 milyard dollar civarında olub və bu dövriyyədə kənd təsərrüfatı məhsullarının idxalı və ixracı vacib yer tutur.
Səfirin sözlərinə görə, Azərbaycandan Rusiyaya ixrac olunan kənd təssərrüfatı məhsulları çatdırılmasında ilk dəfə dəmiryolu nəqliyyatından istifadə olunur və bu, bir yenilikdir.
APA-nın xəbərinə gröə, Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov bildirib ki, "Aqro Ekspress" layihəsi çərçivəsində ilk qatarın yola salınması uğurlu addımdır. Onun sözlərinə görə, bu layihə yaxın zamanda öz töhfəsini verəcək.
Qeyd olunub ki, Azərbaycan və Rusiya prezidentləri arasında münasibətlər ölkələrarası əlaqələrin müxtəlif sferalarında inkişafa təkan verir, bu, həmçinin iqtisadi və ticarət sahəsinə də aiddir: “Azərbaycan və Rusiya yaxın qonşu ölkələr və strateji tərəfdaşlardır. Azərbaycandan Rusiyaya ixracı 29 faiz artıb, bu, səmərəli əməkdaşlığın, görülən işlərin nəticəsidir.
Azərbaycan hökuməti infrastruktur layihələrinə, logistika və tranzit sahələrində infrastruktur qurulmasına böyük diqqət ayırır”.
Xatırladaq ki, “Aqroekspress” layihəsi çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri keçən ilin ikinci yarısında Azərbaycan-Rusiya İşgüzar Şurasının dəstəyi, “Roseksimbank” SC-nin himayəsi ilə keçirilən iki işgüzar missiya çərçivəsində fəal şəkildə müzakirə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.