BAKI, 12 fevral - Sputnik. ABŞ və Rusiya müdafiə nazirləri Lloyd Ostin ilə Sergey Şoyqu arasında telefon danışığı olub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, söhbət zamanı qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələləri müzakirə edilib.
"ABŞ müdafiə naziri Lloyd Ostin rusiyalı həmkarı Sergey Şoyqu ilə “Rusiya qüvvələrinin Krımda və Ukrayna ətrafında toplanması məsələsini” müzakirə ediblər".
Bu sözləri isə Pentaqonun sözçüsü Con Kirbi bildirib.
"Fevralın 12-də müdafiə naziri III Lloyd J. Ostin Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə danışıb. Onlar Krımda və Ukrayna ətrafında Rusiya qüvvələrinin artırılmasını müzakirə ediblər", - press-relizdə deyilir.
Söhbət hər iki ölkə prezidentlərinin (ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin) şənbə gününə planlaşdırılan söhbəti ərəfəsində baş tutub.
Ukrayna ətrafında vəziyyəti gərginləşdirmək üçün Rusiyaya aid edilən planlar Moskvada qəti şəkildə rədd edilir.
Kreml davamlı olaraq heç kimi təhdid etmədiyini bəyan edir. Bildirir ki, bütün bu cür bəyanatlar Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikasının yerləşdirilməsi üçün bəhanə kimi istifadə olunur.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bir qədər əvvəl dediyi kimi, Rusiya Ukrayna ətrafında münaqişəli vəziyyət üçün heç bir bəhanə yaratmır. Onun sözlərinə görə, Rusiya istisna etmir ki, Ukrayna ətrafında Qərb tərəfindən qızışdırılan isteriya Kiyevin Donbassla bağlı Minsk razılaşmalarını sabotaj etmək xəttini ört-basdır etmək məqsədi daşıyır.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, ABŞ və NATO-nun Ukrayna ilə bağlı informasiya isteriyası yalan və saxtakarlıqla çərçivələnib.