DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Britaniyada çox təhlükəli infeksion xəstəlik adam öldürdü

Qərbi Afrikaya səfər edən iki nəfər özlərilə çox təhlükəli infeksion xəstəlik gətirib.
Sputnik
BAKI, 11 fevral – Sputnik. İngiltərənin şərqində Lassa qızdırmasından ilk ölüm halı qeydə alınıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Britaniya Səhiyyə Agentliyindən (UKHSA) məlumat verilib.
Fevralın 9-da bu qurum məlumat yaymışdı ki, Qərbi Afrikaya səfərdən qayıdan iki nəfərdə yoluxma aşkarlanıb, daha bir nəfər isə tədqiq edilir.
UKHSA bu gün yoluxma halının 3 olduğunu, onlardan birinin vəfat etdiyini açıqlayıb. Qurumdan qeyd olunub ki, geniş kütlə üçün risk çox aşağıdır, tibb işçiləri isə hazırda xəstələrlə sıx təmasda olanlarla əlaqə yaratmağa çalışırlar.
Lassa qızdırmasından ölüm halı İngiltərənin şərqindəki Bedfordşir qraflığında qeydə alınıb.
Lassa qızdırması – kəskin infeksion xəstəlikdir, ağır gedişə malikdir, yüksək dərəcədə ölümcüldür, tənəffüs orqanlarını, böyrəkləri, mərkəzi sinir sistemini zədələməsi, hemorragik sindromla xarakterizə olunur. İnfeksiyanın əsas daşıyıcıları Afrika siçovullarıdır. Lassa qızdırmasına yoluxan adamın bütün tip ifrazatı xəstəlik ərzində yoluxucu qabiliyyətə malikdir. İnfeksiyanın yayılması qida, su, hava-damcı, təmas, cinsi yolla olur, eləcə də hamilədən uşağa keçə bilər.
Əsas profilaktika tədbirləri siçovullarla mübarizə və qida məhsulları ilə suyun qorunmasıdır.
Bu yaxınlarda Nigeriyanın Xəstəliklərə Nəzarət Mərkəzi bildirmişdi ki, Lassa qızdırması yanvarda bu ölkədə 40 nəfərin ölümünə səbəb olub.
UKHSA-in əsas tibb müşaviri Syuzan Hopkinsin sözlərinə görə, 1980-ci ildən bəri ölkədə 8 Lassa qızdırması faktı qeydə alınıb. Bunlardan son ikisi 2009-cu ildə olub. Ancaq bu yoluxmaların geniş yayılması barədə heç bir məlumat yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.