AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanın su ehtiyatları azalıb

Sudan daha səmərəli istifadə etmək üçün suvarma sisteminə daha qənəetedici texnologiyaları inteqrasiya etmək zəruridir - AMEA
Sputnik
BAKI, 11 fevral — Sputnik. İqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarımızın 10 faiz azalması müşahidə edilir.
Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “İqlim dəyişmələri, su və gender” mövzusunda çıxışı zamanı deyib.
O bildirib ki, araşdırmalar göstərir ki, iqlim dəyişmələrinə qarşı ən həssas sektor məhz su sektorudur: "Gələcəkdə baş verə biləcək ciddi su qıtlığı problemlərini azaltmaq üçün sudan səmərəli istifadəyə dair qərarların qəbul olunmasında qadınların daha fəal iştirakının təmin olunmasını dəstəkləyirik. Hazırda Azərbaycanda su ehtiyatlarının qiymətləndirilməsi və dəqiq uçotunun aparılması məqsədilə hidroloji şəbəkə avtomatlaşdırılır. Son iki il ərzində dövlət investisiyası çərçivəsində respublikamızın əsas çaylarında 25 ən müasir hidroloji avtomat stansiya quraşdırılıb".
U.Tağıyeva bu istiqamətdə işlərin davam etdirildiyini, 11 yeni stansiyanın quraşdırılmasının nəzərdə tutulduğunu bildirib.
AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova isə “Bərabərlik, müxtəliflik və inklüzivlik: su bizi birləşdirir” mövzusunda konfransda çıxışı zamanı bildirib ki, BMT-nin İnkişaf Proqramı 2021-2050-ci illərdə iqlim dəyişikliyi ilə əlaqəli quraqlıqlar nəticəsində Azərbaycanda su təminatının 23 faiz azalacağını proqnozlaşdırır.
O, Beynəlxalq Təbii Resurslar İnstitutunun quraqlıqla üzləşəcək ölkələr haqqında tərtib etdiyi siyahıda Azərbaycanın 2040-cı ildə ilk 20 ölkənin sırasında olacağı bildirilib: “Sudan daha səmərəli istifadə etmək üçün suvarma sisteminə daha qənaetedici texnologiyaları inteqrasiya etmək zəruridir”.
İ.Hüseynova bölgənin iqliminin dərindən öyrənilməlisinin və daha düzgün planlama aparılmasının əhəmiyyətinə toxunub. Akademik qeyd edib ki, sudan istifadənin səmərəliliyini və kənd təsərrüfatının məhsuldarlığını artırmaqla yanaşı, şirin su ehtiyatlarını toplamaq və təkrar istifadə etmək, eləcə də tullantı sularından istifadənin təhlükəsizliyini artırmaq üçün addımlar atılmalı, iqlim dəyişikliklərinə adaptiv kənd təsərrüfatı sistemlərinin qurulmasına çalışmalıyıq: “Su resurslarının idarə olunmasında gender bərabərliyinin inteqrasiyası iqlim dəyişikliyi şəraitində bütün əhalinin ehtiyaclarının nəzərə alınmasına və risklərin azalmasına səbəb ola bilər”.
O, gender bərabərliyinin su siyasətinə inteqrasiyası üçün bir sıra tədbirlərin görülməsinin vacibliyindən danışıb. Bildirib ki, su çatışmazlığı ilə bağlı gender əsaslı məlumatların toplanması və işlənməsi, qadınların iqlim dəyişikliyi və su resurslarının idarə edilməsində iştirakını artırmağa yönələn layihələrin həyata keçirilməsi, su ilə bağlı problemlərin həlli üçün qadınlara alternativ gəlir mənbələrinin yaradılması bu cür tədbirlərdən ola bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.