BAKI, 10 fevral — Sputnik. Meyitdən orqan və toxumaların transplantasiyası ilə əlaqədar Koordinasiya Mərkəzi yaradılıb. Səhiyyə Nazirliyinin birbaşa tabeçiliyində olan bir müəssisədə idxal və ixracı, donorların reyestri, pasiyentlərin qeydiyyatı nəzərdə tutulub. Mərkəzin Əsasnaməsi Nazirlər Kabinetinə təqdim olunub və yenidən baxılıb. Həmin mərkəzin yerləşəcəyi yer də məlumdur. Hazırda son hazırlıq işləri görülür.
Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün Səhiyyə Nazirliyində keçirilən brifinqdə səhiyyə naziri Teymur Musayev deyib.
Nazir bildirib ki, eyni zamanda, mərkəzin nəzdində Etika Komissiyası da fəaliyyət göstərəcək: "Orada ictimai nəzarət çox güclü olacaq. Həmin komissiyada qeyri-hökumət təşkilatlarının, hüquq-mühafizə orqanlarının, tibb qurumlarının nümayəndələri təmsil olunacaqlar. Mərkəz tam şəffaf şəkildə fəaliyyət göstərəcək. Məxfilik qorunmaqla aktiv olaraq internet səhifəsindən də bütün məlumatları əldə etmək mümkün olacaq".
Qeyd edilib ki, hazırda on dörd səhiyyə müəssisəsinin müəyyən orqanların transplantasiyasını həyata keçirmək üçün lisenziyası olsa da, həmin müəssisələr transplantasiya üçün akkreditasiyadan da keçməlidirlər: "Bu da sürətlə baş tutacaq. İstər tibb heyəti üçün, istər maddi texniki baza ilə bağlı meyarlar və standartlar mövcuddur. Həmin müəssisələr akkreditasiyadan keçdikdən sonra onlar ümumi transplantasiya ilə bağlı müəssisələr reyestrinə daxil olacaqlar.
Nazir əlavə edib ki, bu istiqamətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində İşçi Qrupu fəaliyyət göstərir və transplantasiyanın xidmətlər zərfində öz əksini tapması ən yüksək səviyyədə müzakirə olunur: "Ümidvarıq ki, transplantasiya Xidmətlər Zərfinə daxil ediləcək".
Qeyd edək ki, "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun Azərbaycanda insan orqanlarının və toxumalarının donorluğunun və onların transplantasiyasının hüquqi əsaslarını, donorların, resipiyentlərin, orqan transplantasiyası sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin və tibb işçilərinin hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.
İnsan orqanlarının transplantasiyası – sübutlu təbabətə əsaslanan bütün digər müalicə üsulları effekt vermədikdə insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün cərrahiyyə əməliyyatı aparmaqla xəstəliyi olan şəxsdə olmayan və ya funksiyasını itirmiş orqanların donordan alınmış orqanlarla əvəz edilməsidir.
Donor – orqanları transplantasiya məqsədi ilə götürülən canlı insan, yaxud meyit.