BAKI, 10 fevral — Sputnik. Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulunun müddəti uzadılıb.
Dövlət İmtahan Mərkəzinin saytında yer alan məlumata görə, sənəd qəbulu bu gün saat 23:59-da başa çatmalı idi. Ancaq müddət fevralın 11-i saat 10:00-dək uzadılıb.
Qeyd edək ki, bu gün saat 16:25-dək 16 380 nəfərin (Azərbaycan bölməsi - 15007 ; rus bölməsi - 1373) ərizəsi qəbul edilib.
Xatırladaq ki, sənəd qəbuluna fevralın 1-dən başlanılıb. Magistraturaya qəbul imtahanı fevralın 20-də keçiriləcək.
***
Magistraturaya sənəd qəbulu bu gün başa çatacaq.
Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. Fevralın 1-dən başlanmış ərizə qəbulu bu gün saat 23:59-dək davam edəcək.
Fevralın 10-u saat 15:00-a olan məlumata əsasən, 15940 bakalavr (Azərbaycan bölməsi - 14609; rus bölməsi - 1331) ərizəsini təsdiq edib. Ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş (təqribən 211 nəfər), eləcə də digər bakalavrlar bu gün saat 23:59-dək elektron ərizələrini təsdiq edə bilərlər.
Sənəd qəbulunda iştirak etmək istəyənlər ("Şəxsi kabinet"i olmayanlar) ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği oradakı hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür.
Bakalavr "Şəxsi kabinet"inin istifadəçi adı və parolundan istifadə etməklə müvafiq linkə daxil olub "Bakalavrın elektron ərizəsi" formasını doldurur və təsdiq edir.
İmtahan fevralın 20-də keçiriləcək.