BAKI, 10 fevral — Sputnik. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Quru Qoşunlarının Ümumqoşun Təlim Mərkəzində olublar.
Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, məruzə olunub ki, mərkəzdə komando və digər qoşun növü bölmələrinin təyinatı nəzərə alınmaqla, bu bölmələrdə xidmət edən hərbi qulluqçuların döyüş hazırlığının və taktiki-xüsusi bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təlimlər keçirilir.
Mərkəzdə müasir döyüş üsullarının praktiki tədbiq edilməsi üçün real şəraitə uyğunlaşdırılmış təlim nöqtələri inşa olunub.
Hərbi qulluqçuların istənilən hava şəraitində döyüş vərdişlərini təkmilləşdirmək, o cümlədən fiziki və atəş hazırlıqlarını yüksəltmək məqsədilə zəruri şərait yaradılıb.
Bununla yanaşı, hərbi qulluqçulara mürəkkəb dağ şəraitində döyüş aparmaq, pusqu və kəşfiyyat-axtarış tədbirləri həyata keçirmək, eləcə də yaşayış məntəqələrində əməliyyatların və antiterror fəaliyyətlərinin aparılması öyrədilir.
Sonra nazirliyin rəhbər heyəti yeni inşa edilən qərargah binası ilə tanış olub.
Bildirilib ki, mərkəzin qərargah binası müasir səviyyədə inşa olunub. Binada hərbi qulluqçular üçün sinif, inzibati və xidməti iş otaqları mövcuddur. Bütün otaqlar zəruri mebel və avadanlıqlar, o cümlədən əyani təbliğat vasitələri ilə tam təchiz edilib. Binada mərkəzləşdirilmiş istilik sistemi, işıq, su və kommunikasiya xətləri çəkilib. Ərazidə abadlıq işləri aparılıb.
Daha sonra general-polkovnik Z.Həsənov mərkəzdə hərbçilər üçün yeni inşa edilən əsgər yataqxanasının açılışında iştirak edib. Yeni tikilən binada silah, ideoloji, məişət, dəftərxana və digər otaqlar zəruri avadanlıqla təchiz olunub. Yataqxanada şəxsi heyətin qalması, istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb.
Müdafiə naziri Vətən müharibəsində qazanılan təcrübənin tətbiq edilməsi ilə müasir təlim-məşq üsullarının öyrənilməsi, onların döyüş hazırlığında tətbiqi və mövcud şəraitə uyğunlaşdırılaraq icra olunması ilə bağlı müvafiq tapşırıqlar verib.
Azad edilən ərazilərdə yeni hərbi hissə istifadəyə verilib
Xatırladaq ki, fevralın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti işğaldan azad edilən ərazilərdə istifadəyə verilən yeni hərbi hissədə yaradılan şəraitlə tanış olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.