BAKI, 10 fevral — Sputnik. Dövlət başçısının imzaladığı yeni sərəncamla əmək pensiyalarının sığorta hissəsi artırılıb. Eyni zamanda pensiyaçılara cari il üzrə 200 manat maddi yardım da veriləcək. Artımlar və maddi yardımın verilməsi pensiyaçıların 92 faizini əhatə edəcək.
"Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Sərəncam
Qeyd edək ki, Prezidentin fevralın 8-də imzaladığı sərəncamın məqsədi pensiyaçıların sosial müdafiəsini gücləndirmək, pandemiyanın, habelə beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin pensiyaçıların sosial rifahına mənfi təsirlərini yumşaltmaq, postmüharibə dövründə xüsusi əhali qruplarına dövlət qayğısını artırmaqdır.
Hər rübdə 50 manat yardım veriləcək
Məsələni şərh edən iqtisadçı Xalid Kərimli Sputnik Azərbaycan-a bildirib ki, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkədə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir:
"İl ərzində orta aylıq nominal əməkhaqqı nə qədər artırsa, pensiyaların sığorta hissəsi də o qədər artır. Keçən il orta aylıq nominal əməkhaqqının illik artım tempi 3,4 faiz təşkil edib. Bu da orta illik inflyasiyadan (6,7 faiz), ərzaq inflyasiyasından (16,2 faiz) aşağı olub. Pensiyaçıların büdcəsində ərzaq, dərman xərcləri əsas yer tutur. Ona görə artımla bərabər, pensiyaçılara cari ildə 200 manat maddi yardım da veriləcək. Həmin vəsait rüblərə bölünməklə pensiyaçılara ödəniləcək. Başqa sözlə, hər rübdə 50 manat maddi yardım veriləcək".
400 manat pensiya alırsansa...
"Məsələn, pensiyaçının sığorta hissəsi 400 manatdırsa, onun pensiyası ayda cəmi 30 manat 27 qəpik artacaq. Artımın 16 manat 67 qəpiyini maddi yardım təşkil edir, 13 manat 60 qəpik isə pensiyanın sığorta hissəsinin indeksləşdirilərək artırılmasından əldə edilib. Ümumiyyətlə, hökumət ötən il baş verən bahalaşmanı nəzərə alaraq addım atıb"-deyə ekspert qeyd edib.
Pensiya kapitalları artırılır
O bildirib ki, eyni zamanda, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq pensiya kapitalları da 6,7 faiz indeksləşdirilməklə artırılır: "Məsələn, vətəndaşın pensiya kapitalı 20 min manatdırsa, onun pensiya kapitalı 1340 manat artaraq 21 min 340 manat edəcək".
Pensiyaların sığorta hissəsi indeksləşdirilərək artırılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 2022-ci il 1 yanvar tarixinədək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi 2021-ci ildə orta aylıq nominal əmək haqqının artım tempinə uyğun indeksləşdirilərək 2022-ci ilin 1 yanvar tarixindən artırılacaq, yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək.
Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2021-ci ildə orta aylıq nominal əməkhaqqının illik artım tempi 3,4 faiz təşkil edib.
Pensiyaların yeni artımlarla birgə ödənişinə başlanacaq
Artımla bərabər, sərəncama əsasən, sığorta prinsipi ilə pensiya alanlara 2022-ci ildə 200 manat məbləğində maddi yardımın verilməsi nəzərdə tutulur. Həmin vəsait rüblərə bölünməklə pensiyaçılara ödəniləcək, ilkin ödəniş fevral ayının pensiyaları ilə birgə veriləcək. Həftə ərzində pensiyaların yeni artımlarla birgə ödənişinə başlanacaq.
Artımlar təxminən 9 faiz təşkil edəcək
Beləliklə, artımlar pensiyaların orta aylıq məbləğinə münasibətdə təqribən 9 faiz təşkil edəcək. 300 manatadək pensiya alan şəxslərdə artım 10%-dək, daha yüksək məbləğlərdə pensiya alanlarda isə 7-8%-dək olacaq.
Sərəncamla müəyyən edilən indeksasiya və maddi yardım 2021-ci ildə orta inflyasiya dərəcəsini (6,7%) üstələyir ki, bu, pensiyaçılara dövlət dəstəyinin növbəti bariz nümunəsidir.
Pensiyaların 2022-ci ilin əvvəlindən indeksləşdirilərək artırılması, maddi yardım verilməsi pensiyaçıların 92%-ni və ya 1,1 milyon nəfəri əhatə edəcək. Həmin məqsədlər üçün il ərzində əlavə olaraq 352 milyon manat xərclənəcək.
Gələn il də veriləcək
Qeyd edilən maddi yardımın 2023-cü ilin əvvəlindən pensiyaçıların illik pensiyalarının tərkibinə daxil edilməsi nəzərdə tutulub. Bununla bağlı müvafiq qanunvericilik aktları qısa müddətdə ölkə Prezidentinə təqdim olunacaq.
Eyni zamanda, sərəncamla istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarının sığorta hissəsindəki pensiya kapitalları da 6,7 faiz indeksləşdirilməklə artırılır. Bu, əmək müqaviləsi əsasında işləyən şəxslərin fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay onların əməkhaqlarından sosial sığorta ayırmaları ilə deyil, həmçinin hər il dövlət tərəfindən indeksləşdirilərək artırıldığını göstərir.
Artım qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxsləri də əhatə edir
Yeni sərəncam qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxsləri də əhatə edir. Dövlət başçısı tərəfindən Nazirlər Kabinetinə həmin kateqoriyadan olan pensiyaçıların pensiyalarının indeksləşdirilməklə artırılması, habelə 2022-ci ildə maddi dəstəyin göstərilməsinə dair təkliflərini 1 ay müddətində təqdim edilməsi tapşırılıb.
Qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxslər 99 min nəfərdir, əsasən pensiyaya çıxmış hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçuları və b. ibarətdir. Mövcud qanunvericiliyə əsasən bu kateqoriyadan olan pensiyaçıların pensiyaları sığorta prinsipindən kənar formalaşdığına görə illik indeksasiyalar onların pensiyalarının ümumi məbləğinə şamil olunmur. Yeni sərəncam isə həmin şəxslərə də 2022-ci ildə dövlət dəstəyinin göstərilməsinə, ümumi pensiya məbləğlərinin hər il artırılmasına imkan yaradacaq.
Artım fevral ayının pensiyası ilə birgə ödəniləcək
2022-ci ilin 1 yanvar tarixindən etibarən tətbiq olunan pensiya artımının yanvar ayı üçün olan artımı fevral ayının pensiyası ilə birgə ödəniləcək. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Fevralın 10-da Bakı, Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub. Bundan başqa, fevral üzrə ödəniləcək pensiyalara 2022-ci ildə verilməsi nəzərdə tutulan 200 manat maddi yardım rüblərə bölünəcək, yardımın ilk 50 manatı da fevral ayının pensiyasının üzərinə əlavə olunacaq. Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafiklə ödəniləcək.