SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bəziləri imkan versələr, nümunə ola bilərik - İran səfiri

İranın Azərbaycandakı səfiri Azərbaycan-İran diplomatik münasibətlərinin 30-cu ildönümünə həsr olunmuş mətbuat konfransı keçirib.
Sputnik
BAKI, 10 fevral — Sputnik. İranın xarici siyasəti qonşularla əlaqələrinin inkişafına əsaslanıb. Qonşularla əlaqənin inkişafı bizim xarici siyasətimizin əsas prioritetidir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan-İran diplomatik münasibətlərinin 30-cu ildönümünə həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, İranın yeni prezidenti seçildikdən bu günə qədər 3 səfər həyata keçirib, bu səfərlər qonşu və region ölkələrinə olub.
Diplomat xatırladıb ki, Azərbaycan və İran prezidentləri Aşqabadda görüşüblər və bu görüş faydalı olub.
"İran prezidentinin Azərbaycan lideri ilə görüşü əlaqələrin inkişafında dönüş nöqtəsi hesab olunur. Şadam ki, həmin görüşdən sonra əlaqələrimizdə sıçrayış, inkişaf müşahidə edirik. Bu inkişaf özünü bütün sahələrdə - siyasi, iqtisadi, təhlükəsizlik sahələrində göstərir. İki ölkə beynəlxalq təşkilatlarda da yaxşı əməkdaşlıq edir, bir-birinin mövqeyini dəstəkləyirlər. Ümidvaram ki, əlaqələrimizin inkişafı belə davam edəcək. Ümid edirəm ki, regional səviyyədə əməkdaşlıq, "3+3" yaxın gələcəkdə bütün region ölkələrinin platformaya qoşulması ilə güclənəcək", - Abbas Musəvi qeyd edib.

Səfir İranın Xəzər Konvensiyasını niyə təsdiq etmədiyinə aydınlıq gətirib

O bildirib ki, "Xəzər dənizinin hüquqi statusu haqqında" məsələ ikitərəfli deyil, çoxtərəfli məsələdir: ""Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiyanın təsdiqi ilə bağlı mərhələləri keçmişik, son mərhələdə parlamentin təsdiqini gözləyirik. Bu da həll olunduqdan sonra enerji mənbələrinin birgə istismarı ilə bağlı rahat danışa bilərik.
Lakin bir enerji mənbəsi var ki, onunla bağlı narazılıq yoxdur və bu mənbədən ikitərəfli və çoxtərəfli əsasda istismar mümkün ola bilər. Bu enerji mənbələrinin adı tezliklə açıqlanacaq".

İran Zəngəzur dəhlizinə hörmətlə yanaşacaq

Səfir qeyd edib ki, Zəngəzur dəhlizi Azərbaycan və Ermənistan arasında olan məsələdir və onunla bağlı qərara hörmətlə yanaşacağıq.
O xatırladıb ki, İran 30 il ərzində Naxçıvan və Azərbaycan arasında əlaqələrin açıq olmasına yardım göstərib və bu yol hələ də açıqdır.
Diplomat iranlı nazir Qaseminin bu günlərdə Azərbaycana səfər etdiyini diqqətə çatdırıb və əlavə edib ki, nazir azad olunmuş ərazilərə səfəri zamanı İrana yeni istiqamətin açılması, yolun çəkilməsi ilə bağlı müzakirələr aparıb.
"İki ölkənin üstünlüyü odur ki, nəqliyyat dəhlizləri bu ölkələrdən keçir və biz bu dəhlizləri hər zaman müdafiə edəcəyik", - deyə Abbas Musəvi vurğulayıb.

"İran şirkətlərinin azad edilmiş ərazilərin bərpasında iştirakını gözləyirik"

O bildirib ki, azad olunmuş torpaqlarda əməkdaşlıq iki ölkə arasında mühüm məsələlərdən biridir.
"Çox şadıq ki, bu torpaqlar azad olunub. Bu ərazilərdə Azərbaycanla 132 km sərhədimiz var. Biz həmin ərazilərdə əməkdaşlığa hazırıq. Bu məsələ Azərbaycan Prezidentinin iranlı rəsmilərlə görüşündə müzakirə olunub. Gözləyirik ki, təcrübəli İran şirkətləri bu torpaqlarda yenidənqurma işlərində iştirak etsinlər", - deyə səfir vurğulayıb.
Diplomat qeyd edib ki, İranla Azərbaycan arasında iki sərhəd keçid məntəqəsinin açılması gözlənilir: "Bunlardan biri Xudafərin, digəri isə Parsabaddadır".

Azərbaycan və İran Araz çayı üzərində su anbarlarının tikintisini başa çatdırıb

Səfir diqqətə çatdırıb ki, Araz çayı üzərində su anbarlarının tikintisi başa çatıb, hazırda turbinlərin qurulması mərhələsindəyik. Ümid edirik, onlardan birində tezliklə turbin qurulsun və istifadəyə verilsin.
"Biz Araz çayının su mənbələrinin birgə istifadəsinin 50 illiyini qeyd etdik. Bəziləri imkan versə, əməkdaşlığımız digərlərinə nümunə ola biləcək", - deyə səfir bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.