BAKI, 9 fevral — Sputnik. "YouTube" öz rəsmi "Instagram" hesabında həmyerlimizi paylaşıb. Sputnik Azərbaycan xəbər verir ki, Qusar rayonunun Hil kəndində yaşayan Əzizə Rəmixanova haqqında olan paylaşım qısa müddət ərzində 22 mindən artıq insan tərəfindən bəyənilib.
Qeyd edək ki, Əzizə xanım öz rayonunun tanınmış, adlı-sanlı aşpazlarından idi. Amma artıq öz rayonunda deyil, bütün respublikada tanınır. Belə ki, Rəmixanovlar ailəsinin hazırladığı ləziz yeməklərin videoçəkilişləri sosial şəbəkələrdə çox böyük marağa səbəb olub.
Oğlu Əmiraslan Rəmixanov COVID-19 pandemiyası ilə əlaqədar karantin rejimi tətbiq olunana qədər Bakı şəhərindəki restoranların birində aşpazlıq edirdi. Əzizə xala isə Hil kəndinin toy mərasimlərinin ən adlı-sanlı yemək bişirənidir.
Bu iki şəxs pandemiya dövründə də boş, öz sevdikləri peşələrindən ayrı qalmamağa, faydalı işlə məşğul olmağa qərar veriblər və "Kənd həyatı" adlı bir "YouTube" səhifəsi yaradaraq Azərbaycan, ləzgi və dünya mətbəxinin müxtəlif təamlarını bişirib videolarını həmin səhifəyə yükləyiblər.
Əzizə xalanın ləziz təamları isə insanların çox böyük marağına səbəb olub. Qısa müddətdə 65 mindən çox abunəçi toplayan kanalın videoları sosial şəbəkələrdə dünyaca məşhur yemək səhifələrinin diqqətini çəkib. Məsələn, 26 milyondan çox izləyicisi olan "Taste Life" səhifəsi qusarlı aşpazın onlarla videosunu paylaşıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: