BAKI, 9 fevral — Sputnik. Mərkəzi Banka görə, bu il Azərbaycanda illik inflyasiyanın 6.6-7.1% olacağı gözlənilir. Ötən il isə illik inflyasiya 12% olub, ərzaq inflyasiyası 15.8% təşkil edib. İnflyasiyanın azalacağı əsasən dünya əmtəə qiymətlərində artımın və tərəfdaş ölkələrdə inflyasiyanın azalacağı ilə izah edilir.
Bəs iqtisadçılar bu barədə nə düşünürlər? Bu il ölkədə inflyasiyanın azalacağı real görünürmü, qiymətlər düşəcəkmi?
İqtisadçı Xalid Kərimli Sputnik Azərbaycan-a bildirib ki, bu il Azərbaycanda inflyasiyanın keçən ilə nisbətən azalacağı gözlənilir: "Mərkəzi Bankın proqnozlaşdırdığı 6-7%-lik inflyasiya kifayət qədər realdır. İnflyasiyanın azalacağının 3 əsas səbəbi var. Birincisi, qlobal dəyər zəncirində yaranmış problemlərin bu il tədricən həll ediləcəyi gözlənilir. Xüsusən ilin ikinci yarısında bu, özünü daha çox göstərəcək".
Daşınma xərclərinin azalacağı gözlənilir
Onun sözlərinə görə, ikincisi, daşınma xərclərinin də bu ilin ikinci yarısından sonra tədricən azalacağı gözlənilir: "Daşınma xərcləri məhsulların qiymətinin qalxmasında əhəmiyyətli rol oynayıb. Həm dəyər zəncirindəki problemlərin həll ediləcəyi, həm də daşınma xərclərinin ucuzlaşacağı qiymətlərin stabilləşəcəyini göstərir".
Antiinflyasiya tədbirləri həyata keçiriləcək
İqtisadçının fikrincə, qiymətlərin düşməsinə digər səbəb mərkəzi bankların antiinflyasiya tədbirləri olacaq: "ABŞ, Böyük Britaniya, Yaponiya mərkəzi bankları antiinflyasiya tədbirlərini gücləndirəcək. Bu da inflyasiyanın azalmasına səbəb olacaq".
Neft və qazın qiymətinin yüksək qalacağı gözlənilir
"Ancaq inflyasiyanı artıracaq amillər də var. Bu, xüsusən də enerji qiymətlərinin bu il daha yüksək olacağına dair ilkin gözləntilərdir. Hazırda qlobal siyasi, hərbi sahədə gərginliyin yaranması neft və qaz qiymətlərini yüksək səviyyədə saxlayır", - deyə o əlavə edib.
Ötən il Azərbaycanda illik inflyasiya 12% olub
Qeyd edək ki, Mərkəzi Bankın məlumatına görə, 2021-ci ildə Azərbaycanda illik inflyasiya 12%, orta illik inflyasiya 6.7% təşkil edib. Orta illik baza inflyasiya isə 4.2% olub. İnflyasiyanın yüksəlməsi bütün məhsul və xidmət alt qrupları üzrə davam edib.
Ərzaq inflyasiyası bu ilin yanvarında da davam edib
İllik ərzaq inflyasiyası 15.8% təşkil etməklə ümumi inflyasiyanın təxminən 3/5-nü formalaşdırıb. Cari ilin yanvar ayında da davam edən ərzaq inflyasiyası dünya ərzaq qiymətlərinin dinamikasından əhəmiyyətli təsirlənir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının məlumatlarına görə, dünya ərzaq qiymətləri son ildə 23.1%, o cümlədən un məmulatları üzrə 20.7%, süd məhsulları üzrə 17.4%, yağlar üzrə 36%, şəkər üzrə 33.6% yüksəlib. Məhz dünya qiymətlərinin yüksəlməsi yanvar ayında istehlak səbətində əhəmiyyətli paya malik olan un və un məmulatlarının daxili bazarda bahalaşmasını qaçılmaz edib.
Qeyri-ərzaq məhsulları üzrə qiymətlər son 1 ildə 7.7% yüksəlib. Qeyri-ərzaq məhsulları arasında ən çox illik bahalaşma yanacaq məhsulları və inşaat materialları üzrə qeydə alınıb.
Xidmətlər son 1 ildə 10% bahalaşıb. Xidmətlər üzrə inflyasiyaya dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılmasının təsirləri davam edir.
İnflyasiya amilləri üzrə təhlil göstərir ki, qiymət artımının birbaşa və dolayı olaraq yarısından çoxu xarici mənşəli amillərlə bağlıdır. 2021-ci ildə idxal qiymətləri 21%-dən çox artıb.
2022-ci ildə inflyasiyanın 6.6-7.1% olacağı gözlənilir
Baza proqnoza görə, 2022-ci ildə illik inflyasiyanın 6.6-7.1% intervalında olacağı gözlənilir. 2022-ci ildə inflyasiyanın əvvəlki illə müqayisədə azalacağının proqnozlaşdırılması əsasən dünya əmtəə qiymətlərində artımın və tərəfdaş ölkələrdə inflyasiyanın azalacağı, eləcə də monetar şəraitin sərtləşməsinin gözlənilən effektləri ilə izah edilir. Digər şərtlərin sabit qalması və mövcud meyillərin davam etməsi halında 2023-cü ilin I rübündən sonra inflyasiyanın hədəf diapozonuna daxil olacağı proqnozlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.