CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda siqaret çəkən qızların sayı artıb, uşaqlar isə vaxtından əvvəl "böyüyür"

Harvardda aparılan tədqiqat nəticəsində bəlli olub ki, hamiləlik dövründə siqaret çəkən qadınların dünyaya gətirdikləri övladları cinayətə qarşı daha çox meyilli olurlar.
Sputnik
BAKI, 9 fevral - Sputnik. Tütün dünya əhalisinin qarşısı alına bilinən əsas ölüm səbəblərindəndir.
Hesablamalara görə, tütünün törətdiyi xəstəliklər nəticəsində hazırda dünyada hər il 8 milyondan artıq insan ölür. Onların 1 milyonu ətrafa yayılan tütün tüstüsü ilə nəfəs alan passiv tütün çəkənlərdir.
XX əsrdə tütün epidemiyası bütün dünyada 100 milyon insanın həyatına son qoyduğu halda, XXI əsrdə tütündən 1 milyard insanın ölümü gözlənilir.
Bəs Azərbaycanda tütünlə bağlı vəziyyət nə yerdədir və ondan imtinaya zərurət varmı?
Ötən il ərzində Azərbaycandan müxtəlif ölkələrə 16 097.16 min ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac olunub. Qeyd olunan dövrdə 90 909.21 min ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edilib.
Ümumilikdə idxal əməliyyatlarında əsas malların xüsusi çəkisində tütün və tütünün sənaye əvəzedicilərinin payı 0.78 faiz olub. Bu barədə Gömrük Komitəsinin hesabatında qeyd olunub. Dövlət Statistika Komitəsinin "Ev Təsərrüfatı Tədqiqatının Əsas Yekunları"na dair 2020-ci ildə hazırlanan hesabatına görə, yaşı 15-dən yuxarı olanlar arasında siqaret çəkənlər 15,3 faiz təşkil edir.
Yaş qruplarına gəldikdə isə, siqaret çəkənlərin 0.2 faizi 15-19 yaşda, 13.4 faizi 20-44 yaşda, 21.7 faizi 45-64 yaşda, 30.5 faizi 65 yaşdan yuxarı olan şəxslərdir. DSK-nın məlumatına görə, 15-19 yaşlılar 1.8 il, 20-44 yaşlılar 10.1 il, 45-64 yaşlılar 21.7 il, 65 yaşlılar isə 30.5 il siqaret çəkir. 15-19 yaşlılar gündəlik olaraq orta sayla 9.5, 20-44 yaşlılar 13.9, 45-64 yaşlılar 15.5, 65 yaşdan yuxarı olan şəxslər isə 15.4 ədəd siqaret çəkirlər.
DSK-dan bildirilib ki, eyni hesabatın cari ilə aid rəqəmləri isə növbəti ayın sonunda təhvil veriləcək. Lakin "Tobacco Atlas"-ın (https://tobaccoatlas.org/country/azerbaijan/) Azərbaycanla bağlı bir neçə il öncə açıqladığı hesabata görə, Azərbaycanda hər il 15 min nəfər tütün və onun yaratdığı müxtəlif xəstəliklərdən dünyasını dəyişir. Hesabatda qeyd edilir ki, 10-14 yaşlı 8 min uşaq, 1373000 yeniyetmə siqaretdən, tütündən istifadə edir.
Böyüdüyünü sübut etmək istəyənlər
İnvaziv kardioloq Samir Mustafayev Sputnik Azərbaycan-a açıqlamasında dünyada və Azərbaycanda problemin aktuallığından danışaraq bildirib ki, tütünün insan orqanizminə ziyanları haqqında nə qədər çox təbliğat aparılsa da, təəssüflər olsun ki, ondan istifadə edənlərin sayı getdikcə artmaqdadır:
“Dünyada 1 milyarddan çox insan siqaret çəkir. Azərbaycanda tütün çəkən insanların sayının hələ də yüksək olmasına baxmayaraq, Ümümdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, Azərbaycanda ümumiyyətlə, böyüklər arasında tütün çəkmənin azalması tendensiyası var. Lakin bununla yanaşı Azərbaycanda passiv tütün çəkmə, yəni ətraf mühitə yayılan tütün tüstüsündə nəfəsalma yüksəkdir”.
O bildirir ki, Azərbaycanda siqaret çəkməyənlərin 29% evdə, 41% isə qapalı ictimai yerlərdə tütünün təsirinə məruz qalır:
“Dövlət Statistika Komitəsinin 2017-ci il üçün verdiyi məlumata əsasən, 15 yaşdan yuxarı olan kişilər arasında siqaretçəkmə 33,1% təşkil edib. Həmin göstərici qadınlarda kişilərə nisbətən 100 dəfə azdır. Siqaret çəkən qadınlar orta hesabla gündə 3, kişilər isə 15,2 ədəd siqaret çəkirlər".
Kardioloqun sözlərinə görə, Azərbaycanda keçirilmiş tədqiqatlar göstərir ki, 13-15 yaşlı məktəblilərin 10 faizi nə vaxtsa siqaretin dadına baxıb, 7 faizi hələ də siqaret çəkir. Siqaret çəkənlərin üçdə biri bunu 10 yaşadək edib. Azyaşlılar siqaret çəkmələrinin səbəbi kimi özlərini müstəqil insan kimi göstərmək, böyüdüklərini sübut etmək ehtiyacını təmin etməkdir.
Mütəxəssis bildirir ki, erkən yaşda siqaret çəkməyin çox ciddi fəsadları var:
“Azyaşlı oğlan, qızların siqaret çəkməsi birmənalı olaraq həvəsdir. Bu həvəs onların sağlamlığına ciddi ziyan vurur. Onlar potensial xərçəng xəstələri hesab olunurlar. Gənc yaşda siqaret çəkən insan bilməlidir ki, öz həyatını baltalayır. Xüsusilə qızların siqaret çəkməsi daha təhlükəlidir. Müxtəlif orqanların xərçəng xəstəliyi siqaret çəkənlərdə digərlərindən fərqli olaraq 20 dəfə daha çox müşahidə olunur”.
Azərbaycanda siqaret çəkən gənc qadınların sayı artıb
Onun sözlərinə görə, son zamanlar Azərbaycanda siqaret çəkən gənc qadınların sayında artım müşahidə olunur:
“Azərbaycanda aparılan tədqiqatların nəticəsinə əsasən, qadınlar arasında tütünçəkmə 1,5% təşkil edir. Lakin nəzərə alsaq ki, qadınlar məlumatın gizlədilməsinə meyillidirlər, ona görə həmin statistikanı etibarlı hesab etmək olmaz. Yəni, qadınlar siqaret çəkdiklərini daha çox gizlədirlər. Bəzən deyirlər siqaret çəkən qadınların sayı artıb. Nəticə olaraq da süd vəzi xərçəngindən əziyyət çəkən qadınların sayı artıb. Çünki siqaretin tərkibində olan kanserogen törəmələr birmənalı olaraq xərçəng yaradır”.
Samir Mustafayev qeyd edir ki, 10 il ərzində siqaret çəkən qadınların tibbi müayinələrinin nəticələrinə əsasən, onların siqaret çəkməyən qadınlara nisbətən 25 dəfə artıq ağciyər xərçəngi xəstəliyinə tutulması aşkarlanıb:
“ABŞ-da 30-55 yaş arası 100 000 qadının iştirak etdiyi böyük tədqiqatın nəticələrinə əsasən, gün ərzində 1-14 arası nadirən siqaret çəkən qadınlarda ani ürək dayanması ilə əlaqədar erkən ölüm riski kifayət qədər yüksəkdir. Qadınlar kişilərlə müqayisədə siqareti atmaq üçün daha çox çətinlik çəkirlər. Harvardda aparılan tədqiqat nəticəsində bəlli olub ki, hamiləlik dövründə siqaret çəkən qadınların dünyaya gətirdikləri övladları cinayətə qarşı daha çox meyilli olurlar”.
Ölkəmizdə tütünçəkən kişilərin sayının hələ də yüksək olmasına baxmayaraq, ÜST-nin hesablamalarına görə Azərbaycanda böyüklər arasında tütünçəkmənin azalma tendensiyaları mövcuddur.
Son məlumatlara əsasən ölkədə kişilərin 32%-i siqaret çəkir. Böyüklər arasında passiv tütünçəkmə göstəriciləri, son illər azaldığına baxmayaraq, hələ də yüksək olaraq qalır. Araşrmalara görə kişilərin 28% iş yerlərində, qadınların 23% evdə tütün tüstünün təsirinə məruz qalır.
Tütündən imtina etmək istəyənlərə dəstək olmaq və onlara yardım etmək məqsədilə 01 fevral 2021-ci il tarixdən etibarən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən əhali üçün tütündən imtina üzrə “Qaynar xətt” (050 800 70 45) təşkil edilib.
Tütündən imtina üzrə “Qaynar xətt”ə 2021-ci ilin sonunadək 800-dən çox zənglə müraciət olunub. Müraciət edənlərin təxminən yarısı Bakı şəhərindən, digərləri ölkənin müxtəlif regionlarından olub.
Müraciət edən kişilər qadınlardan 2 dəfə çox olub. Yaxınlarının tütündən imtina etməsini arzulayaraq zəng edən şəxslər 5% təşkil edib. Tütündən tam imtina edən və ya gün ərzində çəkilən siqaretlərin sayını xeyli azaldan şəxslər 5%-dən çox olub.
Zəng edənlərin 15 %-i özləri tütün istifadəçisi olmasa da, yaxınları üçün məlumatlandırıcı informasiya almaq istədiklərini bildirib. Onlara müvafiq məlumat və maarifləndirici informasiya verilib.
Qeyd edək ki, Azərbaycanda Tütündən imtina üzrə (+994 050) 800 70 45 “Qaynar xətt” fəaliyyət göstərir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
PAYTAXT XƏBƏRLƏRİ
Paytaxtda belə bir küçə varmış - "Siqaret küçəsi"