AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanda hər gün "kəlmeyi-şəhadət" dedirdən körpü - FOTO

Goranboyun Zeyvə kəndində Qaraçayın üzərində salınan körpüdən qarlı-şaxtalı havada yıxılıb xəsarət alanlar da az olmayıb.
Sputnik
BAKI, 9 fevral — Sputnik. Azərbaycanda xeyli vaxtdır ki, ucqar dağ kəndlərinə yollar çəkilir, körpülər tikilir. Beləliklə də həmin ərazilərdə yaşayan insanların rahatlığı təmin edilir. Goranboyun Murovdağ silsiləsinin ətəyində yerləşən Zeyvə kəndinin əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Qaraçay çayı kəndi iki hissəyə ayırır. Sputnik Azərbaycan xəbər verir ki, həmin çayın üzərində olan körpü hazırda təhlükəli vəziyyətdədir.
Çayda su az olduqda kəndlilər çayın o tayına avtomobillə keçə bilirlər. Qaraçay aşıb-daşanda isə sakinlərin ümidi qalır sınıq-salxaq körpüyə. Oradan bir dəfə keçən geri qayıda bilirsə, ürəyində "kəlmeyi-şəhadət"ini demək məcburiyyətində qalır. Çünki qarlı-şaxtalı havalarda buradan çaya düşmək, yaxud yıxılıb xəsarət almamaq mümkün deyil.
Zeyvə sakinləri Qaraçay üzərindəki körpünü özləri kustar üsulla düzəldiblər. Günbəgün yararsız hala düşən körpü kəndin kiçik yaşlı sakinlərinin kabusuna çevrilib. Zeyvə sakini Fazilə Allahverdiyeva Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində yağışlı, qarlı havada uşaqların məktəbə, bağçaya getməkdən imtina etdiklərini bildirib:
Goranboyun Zeyvə kəndində Qaraçayın üzərində körpü
“Zeyvənin təmiz havası, gözəl təbiəti var. Qaraçay çayı da kəndimizdən axır. Yay, payız aylarında çayda güclü sel olur. Elə illər olub, sel suları evlərə də, əkinə, biçinə də ziyan vurub. Hazırda çayda su azdır. Bu çayın üzərindəki körpünü də dəfələrlə sel aparıb. İndiki təhlükəli körpünü də özümüz - kənd sakinləri dəmir qırıqları, taxta-şalbanla düzəltmişik. O da, görürsünüz, nə gündədir. Vallah, uşaqlarımız qarda, buzda getmirlər məktəbə. Deyirlər, "biz sürüşüb yıxılırıq, oradan keçə bilmirik". Dəfələrlə adiyyəti qurumlara yazılı, şifahi müraciət etmişik, lakin bir çarə tapan yoxdur hələ”.
Qaraçay üzərindəki körpüdən sakinlər məcbur olub mal-qaranı da keçirirlər. Hətta dəfələrlə qoyun-quzunun çaya düşdüyü vaxtlar da olub. Yaz, payız aylarında çayda sel müşahidə edildikdə kəndlilərin o tayda əkdikləri məhsulu toplayıb digər tərəfə keçirmək imkanları da məhdudlaşır.
Goranboyun Zeyvə kəndində Qaraçayın üzərində körpü
Kənd sakini Sevda Ədilova Sputnik Azərbaycan-a deyib ki, körpünün acınacaqlı vəziyyəti valideynləri hər an, hər dəqiqə həyəcanda saxlayır.
“Kəndimizdə əvvəl böyük körpü olub. Onu güclü sel dağıdıb. Bu sadə körpünü kəndlilər çəllək, dəmir qırığı ilə düzəldiblər. Körpü elə vəziyyətdədir ki, onun üzəri ilə bir tay unu o tərəfə keçirə bilmirik. Adiyyəti qurumlardan kömək gözləyirik. Onu da deyim ki, dəfələrlə yazılı, şifahi müraciət etmişik.
Çox çətindir. Təsəvvür edin ki, 5 nəvəm var, hamısı da məktəbə, bağçaya gedir. O qədər uşağı hər gün o sınıq-salxaq körpüdən o tərəfə-bu tərəfə keçirməyə məcburuq. Çayın o üzündə 10-dan çox ailə yaşayır, hamısı uşaqları məktəbə gedib-gələnə qədər həyəcan içində olur. Qarlı, şaxtalı havalarda bir uşaq yıxılıb xəsarət də aldı. Körpə balanın qolu bir neçə ay gipsdə qaldı”.
Sevda Ədilova
Qaraçay üzərində sakinlər tərəfindən salınan körpünün mövcud vəziyyətindən adiyyəti qurumlar da xəbardardır. Goranboy rayon Zeyvə kənd İcra nümayəndəsi İnqilab Aslanov Sputnik Azərbaycan-a problemin həlli üçün Meliorasiya və Su Təsərrüfatı ASC-yə müraciət etdiklərini bildirib:
“Bəli, həmin körpünün bərbad vəziyyətdə olduğunu bilirik. Kəndin digər tərəfində 10 ailə yaşayır. Həmin ailələrin gediş-gəlişi çətindir. Ona görə də bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə məlumat vermişik. Yaxın günlərdə, yəqin ki, layihə tutularaq həmin körpü bərpa olunacaq”.
Qeyd edək ki, Zeyvə kəndi Murovdağ silsiləsinin ətəyində yerləşir. Əhalisi 2 min nəfərdən artıqdır. Yaşayış məntəqəsi 44 günlük Vətən müharibəsində erməni silahlıları tərəfindən atəşə məruz qalıb. Kənddə bir neçə yaşayış evi zərər görüb. Həmin evlər yenilənərək sakinlərin istifadəsinə verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.