BAKI, 8 fevral — Sputnik. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Səbinə Məşədiyeva diabet xəstələri ilə bağlı bir sıra sualları cavablandırıb.
Sputnik Azərbaycan-ın Səhiyyə Nazirliyinə istinadən xəbərinə görə, S.Məşədiyeva bildirib ki, son illərdə bütün dünyada diabet xəstələrinin sayı artıb: "Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, əgər 2019-cu ildə dünyada şəkər xəstələrinin sayı 463 milyon nəfər idisə, hazırda bu rəqəm 537 milyondur. Statistik məlumatlar Azərbaycanda da diabet xəstələrinin sayının artmasını göstərir. 2017-ci ildə müalicə-profilaktika müəssisələrinin qeydiyyatında təqribən 243 min diabet xəstəsi olduğu halda, hazırda bu rəqəm 300 minə yaxındır".
O bildirib ki, dünya ölkələrinin çoxunda diabet ürək-damar və onkoloji xəstəliklərdən sonra ölüm səbəbləri sırasında üçüncü yerdədir:
"Xəstəlik vaxtında müalicə olunmayanda, vaxtında profilaktiki tədbirlər görülməyəndə ciddi fəsadlar törədir. Sirr deyil ki, şəkərli diabet insan orqanizminin bütün toxuma, orqan və sistemlərinə mənfi təsir göstərir. Bu fakt həm kompensasiyalı və həm də dekompensasiyalı xəstələrə aiddir".
Mütəxəssislər bildirirlər ki, koronavirus şəkərli diabet xəstələri üçün daha təhlükəlidir. Şəkərli diabet xəstələrini ağırlaşma hallarından necə qorunmaq olar, sualına cavabda isə ekspert deyib ki, aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır:
"Ölkəmizdə proses aktiv getdiyinə görə artıq vaksinasiyadan keçənlərin arasında yoluxma sayı, xəstəliyin ağır gedişatlı formaları və ölüm sayı azalıb. Qeyd edim ki, statistik olaraq, hər 3-4 aydan bir COVID-19-un yeni ştammları aşkarlanır. Təbii ki, bütün sağlam insanlar kimi, şəkərli diabet xəstələri də yeni ştamlara yoluxurlar. Ancaq şəkərli diabet xəstələrinin immun sistemi zəif olduğuna görə onlar infeksiya ilə aktiv mübarizə apara bilmirlər. Ağır gedişli formalara, ölüm hallarına həkimlər məhz yanaşı xroniki xəstəlikləri olan xəstələrdə rast gəlirlər".
O bildirib ki, diabet xəstələri COVİD-19-a qarşı peyvəndləmə kampaniyasında fəal iştirak etməlidirlər: "İlk növbədə endokrinoloqun qəbulundan keçib, tam müayinə olunub, kompensasiya dövründə COVID-19 peyvəndi vurdurmalıdır. Planlı şəkildə hər şəkərli diabet xəstəsi 6 aydan bir həkim-endokrinoloqun qəbulunda olmalıdır. "Check-Up" müayinə keçəndən sonra həkim qərar verir ki, pasiyent ikinci dozanı, yaxud "buster" dozanı vura bilər, yoxsa yox.
COVID-19-un "Omicron" variantı sürətlə bütün dünyada yayılır. Bunu nəzərə alaraq, kompensasiya dövründə olan şəkərli diabet xəstələri mütləq ikinci dozadan və yaxud xəstələnib sağaldıqdan 5 ay sonra üçüncü doza ilə peyvənd olunmalıdırlar. Qeyd edim ki, peyvəndin ikinci dozasından sonra 6 aydan çox keçmiş şəxslərin "Peyvənd sertifikatı" fevral ayının 15-dən sonra etibarlı hesab edilməyəcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.