AZƏRBAYCAN XƏBƏRLƏRİ

Hansı jurnalistlər güzəştli ipoteka ilə mənzil ala bilər? Şərtlər

Qaydaya əsasən, hələlik kredit üzrə illik faiz dərəcəsi 8 faizdən, güzəştli ipoteka krediti üzrə isə 4 faizdən çox olmamalıdır.
Sputnik
BAKI, 8 fevral - Sputnik. Azərbaycanda jurnalistlər də güzəştli ipoteka ilə mənzil əldə edə biləcəklər.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Prezidentin Fərmanında qeyd edilir.
Fərmana görə, “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na 3.2.1-ci yarımbəndə əlavə edilir.
Yeni əlavəyə görə, gənc ailənin üzvü olan, azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər.
Bu yeniliyə qədər şəhid ailəsinin üzvü (əri/arvadı, övladları), Milli Qəhrəman (özü, əri/arvadı, övladları), məcburi köçkün və ya ona bərabər tutulan şəxslər, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər, ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxslər, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər və idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer) olan şəxslər güzəştli ipotekada yararlanmaq hüququ var idi.
Bundan əlavə, həmin maddəyə 3.2.8-ci yarımbənd əlavə edilib. Bu bənddə göstərilir ki, ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər də güzəştli ipoteka şərtlərindən yararlana bilər.
Qaydaya əsasən, Fondun Himayəçilik Şurası tərəfindən kredit, o cümlədən güzəştli ipoteka krediti üzrə illik faiz dərəcələri müəyyən olunana qədər, kredit üzrə illik faiz dərəcəsi 8 faizdən, güzəştli ipoteka krediti üzrə isə 4 faizdən çox olmamalıdır.
Materialda Report-un xəbərindən istifadə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Media haqqında qanun rəsmən təsdiq edildi: yeni qurumlar, vəsiqə və səlahiyyətlər olacaq
* MEDİA-nın Nizamnaməsi dəyişdi, səlahiyyətləri artdı