BAKI, 8 fevral — Sputnik. Mədəniyyət naziri Anar Kərimov Xalq artisti, “Şöhrət”, “İstiqlal”, “Şərəf” ordenli xanəndə Əlibaba Məmmədovu evində ziyarət edib.
Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Ə.Məmmədovu doğum günü münasibətilə təbrik edən A.Kərimov, ifaçının Azərbaycan incəsənətində xüsusi rolunu vurğulayıb, onun mahnılarının dillər əzbəri olduğuna diqqət çəkib.
Ə.Məmmədovun yetişdirdiyi tələbələrin bu gün də Azərbaycan muğam sənətinin gələcək nəsillərə ötürülməsində birbaşa iştirak etdiyini vurğulayan nazir ona möhkəm can sağlığı arzularını çatdırıb.
Xatırladaq ki, Əlibaba Məmmədov 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Əlibaba Məmmədovun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynayıb. Əlibaba Məmmədov musiqi təhsilini 1953–1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində alıb.
1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978–1988-ci illərdə "Azkonsert birliyi"nin solisti olub. 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində maestro Niyazinin təşəbbüsü ilə "Hümayun" xalq çalğı ansamblını yaratmışdır və bu günə kimi həmin ansambla rəhəbrlik edir. Əlibaba Məmmədov Azərbaycanın görkəmli xanəndələrindən bəhrələnib və muğam sənətində öz yolunu açan ustad xanəndə kimi tanınıb.
Xanəndənin böyük məharətlə ifa etdiyi "Rast", "Bayatı Şiraz", "Rahab", "Dəşti" və başqa muğam-dəsgahlarının səsyazıları AzTV Fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaratmışdır ki, onlar xanəndələrin repertuarlarına daxil edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: