BAKI, 8 fevral — Sputnik. Bakıda 5 min manata "Kalaşnikov"u satmaq istəyən şəxs saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarına Neftçala rayon sakini, əvvəllər məhkum edilmiş Cahid Bağırovda silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.
Həmin şəxs odlu silahı 5 min manata satmaq istəyən zaman saxlanılıb.
Onun üzərinə baxış keçirilərkən 1 ədəd "Kalaşnikov" markalı avtomat, 6 ədəd patron və həmin silaha məxsus daraq aşkar edilərək götürülüb.
Cahid Bağırov odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Araşdırma zamanı onun Yasamal rayonunda evlərdən birindən təmir-tikinti aləti oğurladığı da müəyyən edilib.
Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı isə narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul Fərid Ayvazov və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Xəqan Yusupov saxlanılıblar.
Bu şəxslərin üzərindən heroin və metamfetamin aşkar edilib.
Əməliyyatlar zamanı saxlanılan hər 3 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, bir müddət öncə də bənzər hadisə baş verib. Əvvəllər məhkum olunmuş Mais İsmayılovda silah olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra araşdırma aparılıb, həmin şəxs qısa zamanda saxlanılıb. Onun evinə baxış zamanı 1 ədəd "Kalaşnikov" markalı avtomat, 30 ədəd patron, daraq aşkar edilərək götürülüb. Mais İsmayılov odlu silah-sursatı 2 ay əvvəl tapdığını, polisə təhvil verməyərək satmaq məqsədilə evində gizlətdiyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.