BAKI, 7 fevral — Sputnik. Türkiyə Milliyyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçalı "Cümhur ittifaqı"nın prezident seçkilərindəki namizədini açıqlayıb. Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, partiya lideri ittifaqın prezidentliyə namizədinin hazırkı prezident Rəcəb Tayyib Ərdoğan olacağını bildirib.
Baxçalı qeyd edib ki, Ərdoğanın yenidən prezidentliyə namizəd olmasının qarşısında hər hansı əngəl yoxdur: "Prezidentin ən azı 3 dəfə seçilməsi üçün hüquqi düzənləmənin formalaşmasına nail ola bilərik. Kimsə bulanıq suda balıq tutmağa çalışmasın. Kimsə Ərdoğanın qarşısını kəsəcəyini düşünməsin, xam xəyallara qapılmasın".
Xatırladaq ki, Türkiyədə növbəti prezident seçkisi 2023-cü ilin iyun ayında keçiriləcək.
Qeyd edək ki, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə müxalifətinin növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı çağırışlarına münasibət bildirərkən qeyd edib ki, Türkiyədə prezident və parlament seçkiləri planlaşdırılan vaxtda - 2023-cü ilin iyununda keçiriləcək. Lakin Ərdoğanın bu bəyanatına baxmayaraq Türkiyədə erkən seçkilərlə bağlı müzakirələr bitmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.