PAYTAXT XƏBƏRLƏRİ

Prezident BNA və NİİM ilə bağlı Fərman verdi

Bakı Nəqliyyat Agentliyi və "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" fərqli qurumların tabeliyinə verildi.
Sputnik
BAKI, 7 fevral — Sputnik. Prezident İlham Əliyev Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, fərmana əsasən, Bakı Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib.
Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi həvalə olunan Azərbaycan Respublikasının Prezidenti Agentliyin yenidən təşkil və ləğv edilməsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Agentliyin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsini həyata keçirəcək.
Eyni zamanda NK Prezidentlə razılaşdırmaqla Agentliyin idarəetmə orqanlarının yaradılması; işçilərinin say həddinin təsdiqi; "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə uyğun olaraq Agentliyin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsini gerçəkləşdirəcək.
Bakı Şəhər İcra Hakimiyyəti bu Fərmanın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli ilə məşğul olacaq.
Agentliyin tabeliyində olan "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti isə bu fərmanla Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin tabeliyinə verilir.
Nazirlər Kabineti Agentliyin yeni nizamnaməsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.
Həmçinin bu Fərmanın 1-ci və 3-cü hissələri ilə əlaqədar olaraq Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı normativ hüquqi aktların layihələrini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
NK-ya Fərmanın 3-cü hissəsinə uyğun olaraq Agentliyin balansında olan və "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin funksiyalarının təmin edilməsi üçün zəruri olan dövlət əmlakının və maddi-texniki bazanın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin balansına verilməsini bir ay müddətində təmin etmək, eləcə də Fərmandan irəli gələn digər məsələlərin həlli həvalə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.