BAKI, 7 fevral — Sputnik. Fransa Prezidenti Emmanuel Makron Azərbaycanın 8 erməni hərbçini qarşı tərəfə təhvil verməsi ilə bağlı paylaşım edib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Fransa prezidenti "Twitter"də bildirib.
Fransa prezidenti paylaşımında qeyd edib ki, saxlanılan 8 erməni Azərbaycan tərəfindən sərbəst buraxılaraq Bakıdan Yerevana yola salınıb: "Onlar bir neçə aydır ayrıldıqları ailələrinə qovuşurlar. Diplomatlarımıza, eləcə də bu əməliyyatda səfərbər olan əsgərlərimizə təşəkkür edirəm. Biz irəli gedirik".
Qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də hadisə ilə bağlı paylaşım edərək, bunu Azərbaycna Prezidenti İlham Əliyev, Fransa dövlət başçısı Emmanuel Makron və Ermənistan baş naziri Nikol Paşinyanın birgə görüşünün müsbət nəticəsinin daha bir işarəsi olduğunu bildirib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bildirib ki, Azərbaycan Respublikası humanizm prinsipini rəhbər tutaraq, 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb.
Məlumata görə, həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron ötən ilin dekabrında da Azərbaycanla bağlı, özü də Azərbaycan dilində paylaşım etmişdi.
O, dekabrın 15-də Belçikanın paytaxtı Brüsseldə Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü ilə bağlı rəsmi "Facebook" hesabında: "Biz davamlı sülh üçün həll yolları tapmalıyıq. Dünən axşam Prezident Əliyevlə, sonra da Baş nazir Paşinyanla birgə irəlilədik" - yazmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun: