HADİSƏ

Xocavənddə ağır qəzanın səbəbi və yaralıların durumu açıqlandı

İstirahət günlərində qəzalarda 5 nəfər ölüb. Dünən axşam isə 13 nəfər qəzada xəsarət alıb.
Sputnik
BAKI, 7 fevral — Sputnik. Ötən gün axşam saatlarında Xocavənd rayonu ərazisində avtobusun qəzaya düşməsinə ilkin ehtimala görə, sürücünün idarəetməni itirməsi səbəb olub.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Xatırladaq ki, ötən gün axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb. Hadisə nəticəsində axşam növbəsinə gedən işçilərdən 21 nəfər xəsarət alıb. 16 nəfər ilkin tibbi yardımdan sonra Bakıya təxliyə edilib. 5 nəfər isə Füzuli Rayon Mərkəzi Xəstəxanasındadır. Yaralıların vəziyyəti sabitdir və həkim nəzarətindədirlər.
Qəza Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa edilən T3 tunelinin girişinə dönən yolda qeydə alınıb.
Bakı Sağlamlıq Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu müəssisəyə qəzada müştərək travmalar almış 13 nəfər yerləşdirilib. Onlardan 11-i Türkiyə vətəndaşıdır. 2 nəfər reanimasiya şöbəsində müalicə alır, vəziyyətləri ağır kimi qiymətləndirilir. Digər 11 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hazırda müayinə və müalicələr davam edir.
---------
10:29
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sputnik Azərbaycan xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, "Yeni Klinika"nın qarşısında qeydə alınıb. Şəhər sakini Elşad Şirinov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Adilə Zeynalovanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Dünən axşam saatlarında isə Xocavənd rayonu ərazisində, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb.
Nəticədə müxtəlif dərəcəli xəsarətlər almış sərnişinlər ilkin tibbi yardımdan sonra Bakı Sağlamlıq Mərkəzinə təxliyə edilib.
Məlumata görə, Bakı Sağlamlıq Mərkəzinə müştərək travmalarla 13 nəfər yerləşdirilib. Onlardan 11-i Türkiyə vətəndaşıdır. 2 nəfər reanimasiya şöbəsində müalicə alır, vəziyyətləri ağır kimi qiymətləndirilir. Digər 9 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hazırda müayinə və müalicələr davam edir.
Qəzanın baş vermə səbəbləri və digər təfərrüatlar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Daxili İşlər Nazirliyinin həftəsonu baş verən qəzalarla bağlı verdiyi məlumata görə, respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.