CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan turizmi böhranda - aviareyslər baha, hotellər boş, xarici investorlar həvəssiz

Əvvəllər bazarda Macarıstanın aşağı büdcəli aviasiya şirkəti vardı, lakin artıq onu sıxışdırıb bazardan çıxarıblar.
Sputnik
BAKI, 7 fevral — Sputnik. 2021-ci ildə Azərbaycan Respublikasına dünyanın 167 ölkəsindən 791,8 min və ya 2020-ci illə müqayisədə 0,5 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunur.
Pandemiyadan sonra bu durğunluğu azaltmaq üçün xarici investorları necə cəlb etmək olar?
Turizm üzrə ekspert Cabir Dövlətzadə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ümumiyyətlə qış aylarında Azərbaycana gələn turistlərin sayında azalmalar müşahidə olunur. Səbəb ölkəmizdə qış turizmi üçün çox ciddi bazanın olmamasıdır:
"Düzdür, Şahdağda qış turizmi üçün müəyyən baza yaradılıb. Bunun çoxşaxəli şəkildə inkişaf etdirilməsi və tanıdılması lazımdır. Aşağı büdcəli təyyarə reyslərinin ölkə daxilində inkişafı vacibdir. Azərbaycanda AZAL-ın törəmə şirkəti "Buta" bunu edir. "Buta"nın da bunu nə dərəcədə etdiyi göz qabağındadır. Çünki bazarda rəqabətlilik yoxdur. Əvvəllər bazarda Macarıstanın aşağı büdcəli aviaşirkəti vardı, lakin artıq onu sıxışdırıb bazardan çıxarıblar. Digər aşağı büdcəli şirkətləri cəlb etməklə aşağı büdcəli müştərilərin gəlişini təmin etmək olar".
Dövlətzadənin fikrincə, son zamanlar vizasız səyahətlə bağlı müqavilələrin bağlanması da təqdiredici addımdır. Qətərlə belə bir müqavilənin bağlandığını xatırladan ekspert bildirib ki, artıq bu ölkə ilə Omondan vizasız turist qəbul edə bilərik:
"Bu amil təbii ki, ərəb turistlərin axınına da təsir edəcək. Düzdür, bu təsiri azaldan müəyyən faktorlar da var. Bunlardan biri Azərbaycanda "Omicron" virusunun aşkarlanmasıdır. Lakin ÜST-ün bütün ölkələrə çağırış etməsi və sərhədlərin açılmasını istəməsi müsbət haldır. Ümid edirik ki, yayadək sərhədlər açılacaq, turizmdə dinamika artacaq".
Həmsöhbətimiz bildirir ki, xarici investorların ölkəyə dəvət olunması dövlətin əsas hədəflərindəndir: "Rəsmi Azərbaycan promo şirkətləri də bu işlə məşğul olmalıdır, xarici investorları ölkəmizə cəlb etməlidir. Həmin investorlar burada obyektlər inşa etdikdən sonra da onlara müəyyən güzəştlər olmalıdır".
“Smart Hotel Managment” şirkətinin rəhbəri Ceyhun Aşurov Sputnik Azərbaycan-a açıqlamasında ölkəyə gələn turistlərin sayının ötən il 1 milyondan da az olduğunu deyib. Onun sözlərinə görə, bu rəqəmlərə baxmayaraq, turizm Azərbaycan üçün prioritet sahə olaraq qalır:
"Artıq müəyyən hazırlıqlar gedir, son zamanlar hava daşıyıcılarının qiymətlərində müəyyən endirimlərin olması, xüsusən də aşağı büdcəli şirkətlərin ölkəyə cəlb olunması daha çox müzakirə olunur. Məqsəd gələcəkdə ölkəyə daha çox turistin cəlbidir. Bununla belə xarici investorlar məsələsi də hər zaman aktual olub. Xarici investorlar həm də ölkəyə yeni idarəetmə alətləri gətirir, yeni biznes modellərin qurulmasına səbəb olurlar. Bütün bunlar ölkəyə axına da müsbət təsir edir".
Aşurovun sözlərinə görə, xarici investorların ölkəyə cəlbi asan proses deyil. Bunun üçün ölkənin iqtisadi və investisiya mühiti çox sağlam olmalıdır. Ciddi biznes mühiti, sabit iqtisadi durum, qanunvericilik, təminat olduqda xarici investorlar həmin ölkəyə maraq göstərirlər. Bu baxımdan Azərbaycan da öz modelini qura bilər:
"Xarici investisiyanın olması ölkədə aktivliyi artıracaq, daha çox turist axınına səbəb olacaq".
Digər turizm eksperti Göydəniz Qəhrəmanov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, hazırda müxtəlif ölkələrdə koronavirusun yeni ştammlarının aşkarlanması qapanmalara səbəb olur. Bu isə turizmə mənfi təsir edir.
"2019-cu ilin rəqəmlərini görə bilməsək də, düşünürəm ki, yaya doğru müsbət tendensiya olacaq. Artıq bir neçə ölkədən Azərbaycana səyahətə icazə var. Ümid edirəm ki, yayda sərt karantinlə üzləşməyəcəyik", - ekspert deyib.
O qeyd edir ki, pandemiya dövründə paytaxt və regionlardakı hotellər ümumiyyətlə bağlı idi. Hazırda onların yualnız bir qismi işləyir. Çünki hazırkı şərtlər onlara sərf eləmir:
"Həftəiçi hotellər boş olduğundan, işçi heyəti saxlamaq, kommunal və digər xərcləri qarşılamaq mümkünsüzdür. Ona görə də fəaliyyəti dayandırmaq onlara daha sərfəlidir".