BAKI, 6 fevral — Sputnik. Goranboyda bir ailənin iki üzvü qətlə yetirlib.
Sputnik Azərbaycan xəbər verir ki, dəhşətli hadisə rayonun Qarasüleymanlı kəndində torpaq sahəsində baş verib.
Həmkəndlilər arasında uzun illər davam edən torpaq mübahisəsi qardaş və bacının ölümünə səbəb olub. Qohum-əqrabaya xəbər axşamçağı çatıb.
Bildirilib ki, 52 yaşlı Pərviz Namazov və bacısı 62 yaşlı Səlmi Namazova torpaq sahəsində öldürülüb. Qətli törədən şəxs isə mərhumların həmkəndliləri 57 yaşlı İlham Haqverdiyevdir.
Onun hadisəni torpaq mübahisəsinə görə törətdiyi bildirilir. Kənd sakinləri də uzun illər ailələr arasında torpaq üstündə mübahisələr, məhkəmə prosesləri getdiyini bildiriblər.
Qarasüleymanlı kənd sakini Bəhruz Yəhyayev Sputnik Azərbaycan-ın bölgə müxbirinə hadisəni belə izah edib:
“Bir kənd sakini kimi deyə bilərəm ki, onlar arasında uzun illəridir torpaq haqq-hesabı gedirdi. İşləri məhkəməyə qədər gedib çıxmışdı. Bu gün də təxminən saat 16-17 radələrində bu dəhşətli xəbəri eşitdik. Dedilər ki, sahədə iki nəfəri öldürüblər. Heç bilmədik kimdir. Sakinlərlə yığılıb ora getdik. Gedəndə gördük ki, polislər, digər dövlət qurumlarının nümayəndələri hamısı oradadır. Gördük qardaş-bacı ikisi də ölüb. Götürüb apardılar morqa.”
Hadisə yerində dünyasını dəyişən bacı və qardaşın meyitləri Goranboy rayon Xəstəxanasının morquna gətirilib. Daha sonra ailələrinə təhvil verilib.
Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən İlham Haqverdiyev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Həmçinin oxuyun: