MƏDƏNİYYƏT

Modelyer Nanə, Xoşqədəm və digər aparıcıları ağ yudu qara sərdi: Elə bil toydadılar

Modelyerin fikrincə, Xoşqədəm Hidayətqızı hərdən o qədər rəngarəng geyinir ki, apardığı verilişin formatına heç uyğun gəlmir. Nanə isə elə bil verliş yox, toy aparıcısıdır.
Sputnik
BAKI, 6 fevral — Sputnik. Son günlər şou aləmində ən çox müzakirələrə səbəb olan məsələlərdən biri də stilist Anar Ağakişiyev və aparıcı Nanə Ağamalıyeva arasında olan qalmaqaldır. Belə ki, televiziyada aparıcıların stili üzərində çalışmaq Anara həvalə edilib. Nanə isə onun istədiklərinə əməl etməyib. Stilist Anar Ağakişiyev isə ATV kanalındakı fəaliyyətinə son qoyub.
Ümumiyyətlə, ölkəmizdə televiziya aparıcılarının geyimi, aparıcısı olduqları verilişin formatına uyğundurmu? Televiziyada aparıcıların geyim və makiyajına məhdudiyyətlər olmalıdırmı?
Tanınmış modelyer Şəlalə Maqsudova Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, bu gün verilişin formatına uyğun geyinən televiya aparıcısı çox azdır. Necə deyərlər, "at izi, it izinə qarışıb":

"Qonşu ölkələrin televiziyasına, qardaş Türkiyənin telekanallarına fikir versək, görərik ki, orada aparıcıların geyiminə, makiyajına nəzarət edən stilistlər, modelyerlər var. Hər verilişin konseptinə uyğun geyim və makiyaj olmaldır. Bizdə isə aləm dəyib bir-birinə. Hər sahədə geridə qaldığımız kimi, bu sahədə də digər ölkələrdən geridəyik."

Məlum hadisəyə münasibət bildirən modelyer bildirir ki, Anarın həm saça, həm makiyaja, həm də geyimə müdaxilə etməsi doğru deyil:
"Anarın geyimə müdaxilə etməsi doğru deyil. Çox istedadlı insandır, məsləhət verə bilər. Amma o, yalnız makiyaja cavabdeh ola bilər. Nanə xanım dəyərli aparıcıdır. Amma apardığı verlişə elə çıxır ki, sanki toydur, Nanə xanım da toyun aparıcısı. Makiyajı və geyimi həddindən artıq abartılıdır. Bu qədər abartılı olmamalıdır. Mütləq onun geyiminə və makiyajına müdaxilə olmaldır".
Tanınmış modelyer bildirir ki, aparıcının özünün də zövqü burada vacidir. Əgər aparıcının stildən anlaşıyışı yoxdursa, ona stilist nəzərət etməlidir:

"Nailə İslamzadə hər kəsə nümunə olacaq bir aparıcıdır. Onun geyimləri həmişə aparıcısı olduğu verilişlərlə həmahəng olub. Amma eyni sözü Xoşqədəm Hidayətqızı üçün deyə bilmərik. Hərdən o qədər rəngarəng geyinir ki, verilişin formatına uyğun gəlmir. Amma onun verilişi sosial yönümlüdür. Ora gələn adamlar öz problemlərini danışırlar. Ağır proqramdır. O verilişə rəngarəng geyim və abartılı makiyaj uyğun gəlmir".

Modelyerin sözlərinə görə, xəbər aparıcılarının da geyimlərinə diqqət edilməlidir:
"Sovet dönəmində xəbər diktorlarının geyiminə, saç düzümünə, makiyajına çox ciddi sezura qoyulurdu. Son illər senzura yığışdırılandan sonra buna diqqət edən yoxdur. Xəbər aparıcısının saç düzümü, geyimi, makiyajı və üzərindəki aksesuarlar elə seçilmələdir ki, tamaşaçının diqqəti onun geyiminə, aksesuarlarına, makiyajına yönəlməsin".
Amma deyilən bu nüanslar şou xəbər aparıcılarına şamil edilmir. Modelyerin fikrincə, şou-biznes xəbərlərinin aparıcıları digərlərindən fərqləndiyinə görə, onların klassik geyimdə, klassik saç düzümündə efirə çıxması doğru olmaz. Onlar cəzbedici geyinə bilərlər:

"Məsələn, məşhur aparıcı Afaq Gəncəli ATV kanalında çalışarkən şou-biznes xəbərlərini aparırdı. İndi isə Xəzər tv-də səhər proqramının aparıcısıdır. Afaq xanım bəzən elə geyim və makiyajda çıxır ki, sanki o ab-havadan çıxmayıb. Bu, doğru deyil. Səhər verilişlərinin aparıcıları gecə libasında efirə çıxmamalıdır. Maksimum sadəliyə qaçmalıdırlar. Mən aparıcıları da qınamıram. Bəzən hansısa geyim dükanı onların verilişinin sponsoru olur. Onlar da geyimləri aparıcıya göndərirlər ki, reklam etsin".

Kişi aparıcılarının geyim tərzlərindən bəhs edən müsahibimiz bildirir ki, bəziləri uzun müddət televizya aparıcısı olmasına rəğmən, hələ də stillərində heç bir dəyişiklik etməyiblər:

"Azər Axşam uzun illərin aparıcısıdır. Onu həmişə kostyumda görmüşük. Hərdən kostyumun rəngi dəyişir, amma geyim dəyişmir. "Milyonçu" şousunu aparanda da kostuyum geyinirdi, digər şouları aparanda da. Yaxşı olar ki, hansısa stilistlə məsləhətləşsin".

Modelyer aparıcı Elgizin geyimlərini nisbətən normal hesab edir:
"Elgiz Əkbər uzun müddətdir ki, sosial yönümlü verlişin aparıcısı olduğuna görə, onun geyimini normal hesab etmək olar. Bizim televiziyada çalışan aparıcıların əksəriyyəti özlərinə əziyyət verməmək üçün efirə kostyumla çıxırlar. Gərək verilişin formatına uyğun geyimlə çıxsınlar".