CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Niyə rus dili Bakı üçün elə metro qədər dəyərlidir - Video

Hazırda Azərbaycanın rusdilli yazıçılarının güzaranı necə keçir, onların yaradacılığına tələbat nə qədərdir və hansı problemlərlə üzləşirlər?
Sputnik
BAKI, 5 fevral — Sputnik. Azərbaycanın tanınmış rusdilli yazarları və ictimai xadimləri Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzinin qonağı olublar.
"Rossotrudniçestvo"nun Bakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov, "Kaspi" qəzetinin baş redaktoru Vyaçeslav Sapunov, yazıçılar Samit Əliyev və Aleksandr Xakimov Azərbaycanda rus dilinin əhəmiyyəti və bu dilin tədrisinin keyfiyyəti ilə bağlı söhbətdə iştirak ediblər. Görüşün yekununda "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyi ilə müasir Azərbaycan yazıçılarının rusiyalı həmkarları ilə Bakıda görüşünün təşkil olunmasına dair razılıq əldə olunub.
Azərbaycanda rus dilinin əhəmiyyəti
Vyaçeslav Sapunov belə hesab edir ki, Azərbaycanda rus dili "böyük" imperiya dövründən qorunub saxlanılan sərvətlərdən biridir.
Onun sözlərinə görə, bəzi keçmiş Sovet respublikalarında indi rus dili bir o qədər də inkişaf etməyib. Məsələn, Cənubi Qafqazdakı qonşularımızın rus dili biliyi azərbaycanlılar qədər deyil. Onun fikrincə, rus dilini bilmək daha çox imkanlar açır - ünsiyyət qurmaq, mütaliə etmək kimi. Bu, sovet dövründə də belə olub, indi də.
"Hazırda seçimimiz böyükdür - ingilis, fransız, ispan dillərini öyrənmək imkanımız var, amma hər bir halda, rus dili də onların sırasında öz yerini tutur. Bakıda başqa dillərdən fərqli olaraq rus dili çoxları üçün doğmadır. Ümid edirəm ki, bizdə rus dili daha da inkişaf edəcək", - deyə Sapunov qeyd edib.
"Bakılılar üçün rus dili metro qədər dəyərli sərvətdir. Metropoliten sovet hakimiyyətindən qalıb. Bu çox bahalı zövqdür, heç də hamı bunu özünə rəva görə bilmir. Düzdür bu, bir qədər paradoksal bənzətmə oldu, amma əlimizdə olan, qalan budur, onu da qoruyub inkişaf etdirməliyik", - deyə "Kaspi" qəzetinin baş redaktoru əlavə edib.
Onun sözlərinə görə, Azərbaycanda rus filologiyası fakültəsi saxlanılır, Bakı Slavyan Universiteti fəlaliyyət göstərir, rus filologiyası ilə məşğul olan, rus dilini tədris edən mütəxəssislər, müəllimlər, professorlar var.
"Kaspi" qəzetinin baş redaktoru Vyaçeslav Sapunov
"Düzdür, rus dili sovet hakimiyyəti dövründə, 60-70-ci illərdə olduğu kimi geniş yayılmayıb, amma bu və ya digər şəkildə qorunub saxlanılıb, bizdə hamı rus dilində danışır, bilməyənlər isə öyrənməyə çalışırlar. Bunu görmək mümkündür. Eynilə ruslar da Azərbaycan dilində danışmağa çalışırlar. Hər iki dil burada əsrlərdən bəri mövcud olan xalqlar dostluğunun təcəssümüdür. Rus dili dövlət səviyyəsində tədris olunur, burada rus dilinə tələbat var, uşaqlar məmnuniyyətlə bu dili öyrənirlər. Məncə, rus dilində təhsil ala bilmək imkanına sahib olmaq normaldır, hərçənd, məsələn, Baltikyanı ölkələrdə buna son qoyulduğunu bilirəm", - deyə Sapunov vurğulayıb.
Yazıçı Samit Əliyev dillər arasında heç bir fərq görmür. Onun fikrincə, fransız və ya yapon dili kimi rus dili də ünsiyyət vasitəsidir. Dilə olan tələbatı isə iqtisadiyyat diktə edir:
"Rusiya Federasiyası bizim qonşumuz olan nəhəng dövlətdir, rus dilindən imtina etmək axmaqlıq olardı. Əgər 80-90-cı illərdə rus dilində təhsilin səviyyəsi Azərbaycan dilindən bir qədər yüksək idisə, indi bu rəqəmlər bərabərləşib".
"Bizim indi rus dilinin tədrisi ilə bağlı böyük problemlərimiz var. Mənim çox yaxşı rus dili müəllimim olub. Biz hər şeyi müəllimlərimizdən öyrənmişik, amma indi elə müəllimlər görürəm ki, uşaqları şikəst edirlər", - deyə Əliyev vurğulayıb.
Yazıçı Samit Əliyev
Aleksandr Xakimovun sözlərinə görə, rusdilli mühitin yaranmasına tarixi şərait səbəb olub. Bunun müsbət və mənfi tərəfləri var, amma o birincinin daha çox olduğuna inanır.
"Böyük Sovet İttifaqının hər yerində, harada olursan ol, istənilən məqamda rusca danışa bilirdin. Səni başa düşürdülər və qarşılıq verirdilər. Fərqi yox idi, yaxşı, ya pis, əsas o idi ki, bilirdilər. Rus dili universal dildir. Və yeri gəlmişkən, təkcə Sovet İttifaqında deyil, başqa ölkələrdə də rus dilini yaxşı bilirdilər. Rus dili təkcə danışıq dili kimi deyil, həm də siyasətin, iqtisadiyyatın, incəsənətin dili kimi böyük rol oynayırdı. Azərbaycanda əvvəllər bütün filmlər iki dildə çəkilirdi: Azərbaycan dilində - daxili tələbat üçün, rus dilində - hamı üçün. Sonra bu filmləri bütün Sovet İttifaqında izləyib bizim necə yaşadığımızı, burada nə baş verdiyini öyrənirdilər", - deyə Xakimov bildirib.
Yazıçı Aleksandr Xakimov
Oxucuların rusdilli mətbuata və kitablara marağı
Vyaşeslav Sapunov həm Azərbaycan, həm də rus dilində çıxan "Kaspi" qəzetinin baş redaktoru kimi belə hesab edir ki, Bakıda rusdilli oxucuların sayı kifayət qədərdir. Bununla belə, o bütün dünyada olduğu kimi, Azərbaycanda da çap mətbuatına marağın azaldğını təəssüf hissi ilə qeyd edir.
"Bu bizim mübarizə aprdığımız problemlərdən biridir. Rusdilli oxucuların tələbatı var və ümid edirəm ki, bir az artacaq. Ən azından mən bunun üçün əlimdən gələni edirəm", - deyə baş redaktor vurğulayıb.
Sapunov mərkəzi kitab mağazalarında çox vaxt keçirir və orada hansı kitabların satıldığı, onların qiyməti ilə maraqlanır. Onun fikrincə, oxucların çoxunun rus ədəbiyyatına marağı var.
"90-cı illərdə kitab ticarəti iflasa uğrayanda çox üzülmüşdüm, çünki məndə kitab almağa böyük həvəs var, oxuduğumdan çox alıram. O vaxt kitab mağazalarında sadəcə, ucuz detektivlər, ingilis dili dərslikləri və ulduz fallları satılırdı. Fikirləşirdim ki, yəqin artıq kitablar heç kimə lazım deyil. Bir neçə ildən sonra Azərbaycanda kitab şəbəkələri açıldı. Rus dilində yapon poeziyası, fəlsəfi traktatlar belə satılırdı. Yanıldğımı anladım. Belə çıxır ki, oxucumuz doğrudan da ədəbiyyatın bütün janrlarına ehtiyac duyur. Bəli, kitablar bahadır, amma Moskvadakı mağazalarda da belədir. Kitab nəşri kifayət qədər bahalı işdir", - deyə Sapunov bildirib.
"Kaspi" qəzetinin baş redaktoru Vyaçeslav Sapunov
Onun sözlərinə görə, Azərbaycanda nəşriyyatların sayı kifayət qədərdir. Bir neçə dəfə milli kitab yarmarkalarında iştirak etdiyini deyən Sapunov nəşriyyatların sayını öyrənəndə təəccüblənib. Amma onun fikrincə bu, bir o qədər də sərfəli iş deyil.
"Kitab satışı çox riskli işdir, bunu hər kəs bacarmır. Bundan çox pul qazanmayacaqsan - çünki bu, maarifçilikdir. Kitabxanalar var, amma məsələn, mən özüm çoxdandır ki, kitabxanada olmamışam. Kitabları elektron formatda da oxumaq mümkündür. Bu, bir o qədər də baha başa gəlmir. Bir çox kitabları bu formatda tapmaq olar", - deyə Sapunov bildirib.
Yazıçı Samit Əliyev isə mağazalara nə qədər kitabının daxil olduğu, onlardan nə qədərinin satıldığı ilə maraqlanmır. O deyir ki, çox çətinliklə yazır və özünü yazıçı hesab etmir.

"Azərbaycan Yazıçılar Birliyində 1500 nəfər qeydiyyatdan keçib. Onlardan 20-yə yaxınını tanıyıram, qalan 1480 nəfər haqda nə eşitmişəm, nə də onların kitabını əlimə almışam. Amma onlar mövcuddurlar" - Samit Əliyev, yazıçı.

"Kitab nəşri gələcəyə qoyulan sərmayədir və ondan qazanc əldə etməyi gözləməyə dəyməz. Sovet hökuməti təkcə rus klassiklərinin əsərlərinin nəşrinə deyil, həm də beynəlxalq miqyaslı nəşrlərə subsidiyalar verirdi", - deyə yazıçı vurğulayır.
Yazıçı Samit Əliyev
Bir yazıçı kimi Aleksandr Xakimovun isə kitab nəşri ilə bağlı problemləri var. Onun sözlərinə görə, ölkədə kitab nəşri sənayesi, ümumiyyətlə, mövcud deyil. Yazıçı deyir ki, Azərbaycanda çox böyük rusdilli oxucu kütləsi var və qəzetlərin, jurnalların, məsələn, "Literaturnı Azerbaycan" jurnalının, rus dilində kitabların çapı davam edir.
"Rus dilində kitablara tələbat var, amma bu tələbatın çox böyük olmaması məhsulla yox, kitabın qiyməti ilə əlaqədardır. İndi kitab biznesində kortəbiilik hakimdir. Kitabların çoxu bahadır", - deyə Xakimov bildirib.

"Müzakirə olunan məsələlərdən biri də nə yazmaq, necə yazmaqla bağlıdır. İnsanların zövqünü nəzərə almaq lazımdır, ya yox? Bu çox həssas məsələdir. Bunu hiss etməlisən. Flüger yox, barometr olmalısan. Oxucularda maraq doğurmağı bacarmalısan, amma müəyyən səviyyəni də qorumaq şərti ilə" - Aleksandr Xakimov

Yazıçının əksər kitabları xaricdə çap olunur. Məsələn, bu yaxınlarda onun Almaniyada olduğu kimi İsraildə də rus dilində ikinci kitabı işıq üzü görüb və tezliklə Ukrayna nəşriyyatında da dərc olunacaq.
Yazıçı Aleksandr Xakimov
Xakimov deyir ki, onun yaradıcılığına tələbat var, amma kitabları reklam olunsaydı, o zaman maraq daha da artardı.

"Pis yazmırıq, sadəcə olaraq, lazım olan şeylərdən yazmırıq, ona görə də kifayət qədər oxunmuruq" - Aleksandr Xakimov

Rusiyada təhsil - şans həmişə var
"Rossotrudniçestvo"nun Bakıdakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov isə qurumun məqsədlərindən və gördüyü işlərdən danışıb.
"Azərbaycana rus dili lazımdırmı? Bu suala azərbaycanlılar cavab verməlidir. Nümayəndəliyimiz Azərbaycan Respublikası və Rusiya Federasiyası hökumətinin təşəbbüsü ilə mədəniyyət, iqtisadiyyat, tarix və digər sahələrin qarşılıqlı faydalı təbliği məqsədilə yaradılıb. Əgər bu baş veribsə, deməli, hər bir halda, rus dilinə hələ də ehtiyac var. Mərkəzimizdə əksəriyyət rus dilində danışır, amma həm tatarca, həm də azərbaycanca danışmağa hazırıq. Təki münasibətlərimiz inkişaf etsin, biz bütün dillərdə danışmağa hazırıq", - deyə Zinnurov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda rus dilinə çox yaxşı münasibət var. Zinnurov ölkə məktəblərində rus bölmələrinin sayının çox olmasına görə həm öz adından, həm də Rusiya Mədəniyyət Mərkəzi adından minnətdarlığını bildirib. Bütün bunlar onu deməyə əsas verir ki, azərbaycanlıların çoxu rus dilinin zəruriliyinə inanır.
"Azərbaycanda rus dili milli azlıqların dili olsa da, hər bir halda, millətlərarası ünsiyyət üçün inkişaf edib. Ötən gün oxudum ki, Rusiyada da Azərbaycan dilini öyrənməyə ehtiyac artıb", - deyə Zinnurov vurğulayıb.
"Rossotrudniçestvo"nun Bakıdakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov
"Rossotrudniçestvo" azərbaycanlılara Rusiyada pulsuz təhsil almaq imkanı yaradır. Zinnurov məktəblərə baş çəkdiyi vaxt başa düşüb ki, ölkədə heç də hamı bundan xəbərdar deyil. Azərbaycanlılar Rusiyada təhsil almağa həvəs göstərirlər. Artıq 250-yə yaxın pulsuz kvota ayrılıb. 800-ə yaxın müraciət olub, tələbat artır, ona görə də kvotalar artırılır.
"Müəllimlərə gəlincə, deyə bilərəm ki, onlara ehtiyac var. Keyfiyyətli rus dili müəllimlərinə ehtiyac böyükdür. Biz Təhsil Nazirliyi ilə də görüşdük, bu qurumda da belə hesab edirlər ki, müəllimlərin ixtisasını artırmaq lazımdır. Mərkəzimizdə Rusdilli Müəllimlər Assosiasiyası məktəbəqədər yaşlı uşaqlar üçün kurslar keçirir. Pandemiyadan sonra tələbələrin sayı artıb. Həmin uşaqların valideynlərinin rus dilini bilmələri də lazımdır ki, onlar övladının nəyisə düz və ya səhv etdiklərini anlaya bilsinlər", - Zinnurov belə hesab edir.
Onun sözlərinə görə, Bakıdakı Rus Evinin əməkdaşları da öz növbəsində əllərindən gələni edirlər ki, Rusiyada onların səsini eşitsinlər, ixtisasartırma üçün bura müəllimlər göndərsinlər.
"Rossotrudniçestvo"nun Bakıdakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov
Zinnurov onu da bildirib ki, hazırda bir çox rus yazıçılarının Bakıya səfərini təşkil etmək üçün onlarla danışıqlar aparır. O, yazıçı Samit Əliyevdən bu məsələdə köməklik göstərməsini xahiş edib, yazıçı da məmnuniyyətlə razılıq verib.
Sputnik Azərbaycan bu təşəbbüsü alqışlayır və Rusiya ilə Azərbaycan yazıçıları, eləcə də oxucular arasında keçiriləcək görüşlərin işıqlandırılmasında fəal iştirak etməyə hazırdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.