RUSİYA

Lukaşenko Rusiya ilə keçirilən təlimlərin əsas məqsədini açıqladı

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, onlar Ukrayna ilə sərhədi möhkəmləndirməyə məcburdurlar.
Sputnik
BAKI, 3 fevral — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya ilə keçirilən birgə təlimlərin məqsədini açıqlayıb.
Prezident bildirib ki, bu təlimlərin əsas məqsədi Ukrayna ilə sərhədin möhkəmləndirilməsinin zəruriliyidir: "Mən bunu gizlətmirəm. Təəssüf ki, bu gün bizim cənub sərhədimiz açıqdır. Buna görə də biz Ukrayna ilə sərhədi möhkəmləndirməyə məcburuq".
Qeyd edək ki, Rusiya və Belarus birgə "İttifaq qətiyyəti" təlimləri keçirəcək. Birlik Dövlətinin qüvvələrinin yoxlanılması iki mərhələdə baş verəcək. Birinci mərhələdə (fevralın 9-dək) ​​Belarus ərazisində qoşun qruplaşmaları yenidən yerləşdiriləcək və yaradılacaq.
İkinci mərhələdə isə (fevralın 10-dan 20-dək) ​​"İttifaq qətiyyəti-2022" birgə təlimləri keçiriləcək. Bu təlimlər çərçivəsində xarici təcavüzün qarşısının alınması və dəf edilməsi, habelə terrorçuluğa qarşı mübarizə və İttifaq Dövlətinin maraqlarının müdafiəsi tapşırıqları yerinə yetiriləcək.
Xatırladaq ki, bundan əvvəl KTMT-nin baş katibi Stanislav Zas Rusiya və Belarusun birgə "İttifaq qətiyyəti" təlimlərinin bu ölkələrin daxili işi olduğunu açıqlamışdı.