BAKI, 3 fevral - Sputnik. ABŞ Prezidenti Co Bayden fevralın 4-dən 20-dək Pekində keçiriləcək Olimpiya Oyunlarını izləmək niyyətindədir. Sputnik Azərbaycan bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki The Hill nəşrinə deyib.
"Əbəttə, biz səbirsizliklə Olimpiadanı gözləyirik. Oyunlarda çıxış edəcək amerikalı idmançılara azarkeşlik edəcəyik", - Psaki deyib.
Xatırladaq ki, ötən il dekabrın 6-da ABŞ Olipiadaya rəsmi şəxslərin göndərilməyəcəyini bildirib. Boykot səbəbi kimi Çində insan haqlarının pozulması göstərilib. Dekabrın 8-də Oyunları diplomatik boykota Avstraliya ilə Kanada da qoşulublar.
2022 Qış Olimpiya Oyunları Çinin paytaxtında fevralın 4-dən 20-dək keçiriləcək. Ümumilikdə 15 idman növü üzrə 109 medal komplekti oynanılacaq.
Bundan öncə ABŞ-ın Çindəki səfirliyinin mətbuat attaşesi bildirmişdi ki, ölkəsi Pekin Olimpiadasının boykotu üçün qlobal kampaniya planlaşdırmır.
"Biz belə bir kampaniya planlaşdırmamışıq və planlaşdırmırıq. Atletərimiz insan azadlıqlarına riayət olunması barədə öz rəylərini Olimpiya ruhuna uyğun olaraq sərbəst şəkildə ifadə edə bilərlər", - səfirlikdən bildirilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.