CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda şirkətlərin vəzifəli şəxslərinə cinayət işi açılıb

Qanunsuz qum-çınqıl hasilatı aparan şirkət və şəxslər barəsində cinayət işi başlanılıb. Ekoloji hüquqpozmalar haqqında məlumatların yoxlanılması davam etdirilir.
Sputnik
BAKI, 3 fevral — Sputnik. Baş Prokurorluq tərəfindən ekoloji hüquqpozmalar haqqında məlumatların yoxlanılması davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi və bu sahə üzrə aidiyyəti rayon prokurorlarının köməkçiləri tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə Balakən və Qəbələ rayonlarının ərazilərində yerləşən qum-çınqıl yataqlarında yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması ilə qanunsuz hasilatın aparılması barədə məlumatlar yoxlanılıb.
Mütəxəssislərin iştirakı və xüsusi texniki vasitələrin köməyi ilə ərazilərə baxış keçirilib, ölçülər götürülüb, hesablamalar aparılıb, müvafiq dövlət qurumlarının reyestrlərində olan məlumatlar təhlil edilib, aidiyyəti şəxslərin izahatları alınıb və müvafiq dövlət qurumlarına verilmiş sorğulara cavablar toplanılıb.
Müəyyən edilib ki, "Balakən Kərpic İstehsalı Müəssisəsi" MMC və "Redstone" MMC-nin vəzifəli şəxsləri 1 milyon 137 min manat, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Əsgər Əsgərov tərəfindən Balakən rayonu ərazisində 774 min manat, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Nizami Abdullayev tərəfindən isə Qəbələ rayonu ərazisində 71 min manat dəyərində qanunsuz qum-çınqıl hasilatı aparılıb.
Qeyd olunan faktlar üzrə Cinayət Məcəlləsinin 188.1 (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (Yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə 3 cinayət işi başlanılaraq istintaq olunması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.
Nazir qum-çınqıl karxanalarının fəaliyyətini sərt tənqid edib
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ötən ilin sonunda bildirmişdi ki, aparılan islahatlar və bu sahəyə dövlətin nəzarətinin artırılmasına baxmayaraq hələ də yer təkindən istifadə zamanı qanunvericilik ilə müəyyən edilmiş normalara və standartlara uyğun olmadan istismar işləri aparılmaqdadır:
"Bildiyiniz kimi, çaylarda qum-çınqıl yataqları ehtiyatları bərpa olunan sərvətlərə aiddir. Lakin əksər hallarda çay yataqlarından götürülən qum-çınqıl xammalı bərpa prosesini dəfələrlə üstələdiyi üçün istismar dərinliyi nəzərdə tutulan həddini aşır, bu da ciddi ekoloji problemlər yaradır. Nəticədə çayların ətrafında olan strateji infrastruktura (hidrotexniki qurğulara, körpü və bəndlərə) real təhlükə yaratmaqla ekzogen geoloji proseslərin (sürüşmə, çökmə və s.) yaranmasına səbəb olur.
Nazir qeyd etmişdi ki, qum-çınqıl, o cümlədən əhəngdaş karxanalarının yerləşdiyi ərazilərin təbii landşaftı ciddi olaraq korlanır. Çay vadilərində faydalı qazıntıların sistemsiz şəkildə istismarı nəticəsində əmələ gəlmiş çoxsaylı iri çuxurlar, çökəklər və təpəciklər eybəcər bir mənzərə yaradır. Həmçinin, daş karxanalarında köhnə texnoloji avadanlığın istifadəsi, istismar başa çatmış yataqlarda rekultivasiya işlərinin aparılmaması ciddi ekoloji fəsadlar yaradır. Dağ-mədən sektorunda azad rəqabət mühitinin formalaşdırılması və şəffaflığın təmin edilməsi üçün yerin təkinin istifadəyə verilməsi hərraclar vasitəsi ilə həyata keçirilir.