CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nəzirlərin elektron ödənilməsi nəyi dəyişəcək? Mollalar da dəyişikliyi dəstəkləyir

Sputnik
BAKI, 2 fevral — Sputnik. Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edəcək.
Bu, "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinə təklif olunan digər dəyişiklik layihəsində əksini tapıb. Dəyişikliklə dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edəcək.
Sputnik Azərbaycan ianələrin elektron ödənilməsinin səmərəli olub-olmayacağını, insanların nəziri internet və poçt vasitəsilə ödəməyə üstünlük verib-verməyəcəyini araşdırıb.
"Ziyarət etməmiş nəzir vermirik"
Bu məqsədlə öncə paytaxt sakinləri arasında sorğu keçiririk. Aidə Məmmədova adlı paytaxt sakini bildirdi ki, o məscidə, yaxud da hər hansı ziyarətgaha nəziri elə həmin ibadət ocağına ziyarətə gedəndə verir. Ona görə də nəziri elektron ödəməyi düşünmür:
"Mən nəzir deyirəm ki, bu işim alınsın gedib ziyarət edib nəzirimi verim. Mənim fikrimcə, ziyarət etməmiş nəzir göndərmək düzgün deyil. Əgər insanın getmək imkanı varsa, ziyarət edib nəzirini verməlidir. Biz dədə-babadan belə görmüşük".
Digər paytaxt sakini Mübariz Bayramov isə hesab edir ki, məscidlərdə nəzir qutularına nəzarətin olması yaxşı haldır: "Biz nəziri Allah yolunda veririk. Çox yaxşı olar ki, qoyduğumuz nəzir ünvanına çatsın. Yəni, əlsiz-ayaqsıza, imkansıza kömək üçün sərf olunsun. Ona görə nəzirlərə nəzarətin şəffaf olması yaxşı haldır. Amma inanmıram ki, kimsə bir manat nəzirini elektron ödəsin. Hamı gedib məscidi, piri ziyarət edib nəzirini qoyur".
Nəzir qutusuna atdığımız nəzirin hara xərcləndiyindən xəbərsizik
Bakının Bülbülə qəsəbə sakini Əfruzə Ağayeva isə düşünür ki, ziyarətgahı ziyarət etməmiş nəzir göndərmək düzgün deyil: "Kimin nəyə imkanı çatırsa məscidi, piri ziyarətə gedəndə nəzir qutusuna salır. 50 qəpik, bir manat pulu elektron ödəməyə heç kəs maraqlı olmayacaq".
Abşeron rayon sakini Bahar Seyidova isə Sputnik Azərbaycan-a bildirdi ki, ianələrin elektron qaydada ödənilməsinin tərəfdarıdır. Onun fikrincə, bu zaman insanlar verdikləri nəzirin hara xərcləndiyinə də nəzarət edə bilər: "İndi nəzir qutusuna atdığımız nəzirin hara xərcləndiyindən xəbərsizik. Amma elektron olsa bir gündə nə qədər ianə toplandığına nəzarət etmək olar".
Nəzir qutuları ilə bağlı şübhələrə son qoyulacaq
Deputat Ceyhun Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ianələrin elektron qaydada toplanmasının uğursuz olacağı barədə fikirlər əsassızdır. Onun sözlərinə görə, burada hər hansı çətinlik olmayacaq:
"Əgər 20-30 il əvvəl kimsə desəydi ki, bütün ödənişlər elektron qaydada həyata keçiriləcək, insanlar təəccüblənərdi. Amma elektron texnikanın inkişaf etdiyi bir dövrdə bunu mümkünsüz saymaq ancaq kiminsə şəxsi maraqlarına xidmət edə bilər. Həmçinin ödənişin yalnız elektron qaydada qəbulundan söhbət getmir. İanələr elektron yolla yanaşı, nağd formada da qəbul ediləcək. Kim istəsə məscidlərə gedib birbaşa ianə edə biləcək.
Çox sayda insan var ki, hansısa ziyarətgaha ödəniş etmək istəyir. Bunun üçün məscidlərin hesabları var. Həmin hesaba ianəni ödəyə bilər. Ödəniş prosesini sürətləndirərək asanlaşdıracaq. Həmçinin hesabatlılığı təmin edəcək. Vətəndaşlar həmişə şübhə ilə yanaşırdılar ki, bu ianələr hara gedir. Belə bir sistemin işə düşməsi bu şübhələrə son qoyacaq. Bununla vətəndaşa etdiyi ianənin hara xərcləndiyi barədə məlumat verilə bilər".
Nəzirlərlə bağlı hesabatlılıq olacaq
Deputat deyir ki, bu təcrübədən dünyanın əksər ölkələrində istifadə olunur. Onun sözlərinə görə, Türkiyədə bu təcrübə geniş yayılıb: "Qardaş ölkədə Qurban bayramında vətəndaşlardan vəsait onlayn qəbul edilir. Türkiyənin istənilən məscidində ianə etdikdə qəbzlər verilir. Türkiyə bunu çoxdan tətbiq edib. Hətta kiçik məbləğlər də verilərkən qəbz verilir.
Ona görə də Azərbaycanda da bu sahədə şəffaflıq və hesabatlılığın olması yaxşıdır. Bununla vətəndaşların da narahatlığına son qoyular. Bu gün elə ziyarətgahlarımız var ki, orada xeyli ianə toplanır. Bir neçə ziyarətgah var ki, aylıq ianənin vəsaiti heç də az deyil. O vəsaitlərin taleyi düşündürücüdür. Bu vəsaitlərdən şəhid ailələrinə yardımlar etmək olar.
Onsuz da bu gün toplanan vəsaitdən bu cür yardımlar edilir. Həmçinin məscidlərin kommunal xərclərinə ödənilir. Biz elektron yolla ianə qəbulundan sonra bunu daha şəffaf formada təşkil etmiş olacağıq. Bundan sonra düşünürəm ki, insanların qarşısında bir hesabatlılıq da olacaq".
C.Məmmədov bildirir ki, bu gün vətəndaşların nəzir üçün ödənişlərinin məbləği bir-beş manat arasında dəyişir. 1 manatın ödənişi üçün isə elektron sistemdə heç bir problem yoxdur.
Qayda və formalar növbəti mərhələdə işləniləcək
C.Məmmədov bildirib ki, qanuna görə sistem, mexanizm işlənəcək. Bundan sonra ianələrin ödənilməsi barədə insanlara geniş məlumat veriləcək: "Əsas odur ki, texniki imkanlar var. Qayda və formalar növbəti mərhələdə işləniləcək. Hazırda onun qanuni əsası yaradılır".
Sədəqə vermək insanı 70 növ bəladan uzaqlaşdırır
Əjdərbəy məscidinin axundu hacı İlham Səlimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, nəzir və ianələrin onlayn ödənilməsinin onlar da tərəfdarıdır:
"Öncə qeyd edim ki, dinimizdə də sədəqə anlayışı var. Peyğəmbərimiz buyurur ki, sədəqə vermək insanı 70 növ bəladan uzaqlaşdırır. İnsan sədəqə verdikdə bu bəla onun yolundan götürülür. Bu təkcə bizim dinimizə aid deyil. O ki qaldı ianələrin elektron ödənilməsi məsələsinə, burada qəbahət heç nə yoxdur. Bu gün xarici ölkələrdə yaşayan müsəlmanların pandemiya səbəbindən ölkəmizə gəlmə imkanları yoxdur. Elektron yolla ianələrin qəbulu imkan yaradacaq ki, həmin nəzirləri onlayn göndərsin. İslam dini zaman və məkan anlayışına uyğunlaşan dindir. Bu gün dünyanın nəbzini tutan dinimiz var".
Nəzir verən azdır
İ.Səlimov bildirdi ki, hazırda nəzir qutularına nəzir salan azdır. Amma məscidlərə yardım üçün müraciət edən insanların sayı çoxdur:
"Biz heç kəsi naümid yola salmırıq. Məscidlərə yığılan ianə və nəzirlər məscidlərin kommunal borclarını ödəməyə yetmir. Bu gün məscidlər, ziyarətgahlar obyekt kimi kommunal xərc ödəyir. Təki insanlar nəzir versin. İanənin, nəzirin hansı formada verilməsinin fərqi yoxdur. Biz də bunu alqışlayırıq. İnsanlar axırıncı dəfə nəzir qutusuna nəziri nə vaxt atdığını unudublar".
İlham Səlimov nəzir qutularına toplanan nəzirlərin bu gün də aktlaşdırılaraq götürüldüyünü söylədi.
Qeyd edək ki, "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinin uyğun bəndi hazırda belədir: "Dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri qəbul edə bilər".
P.s. "Dini etiqad azadlığı haqqında" qanuna edilən sözügedən dəyişiklik fevralın 1-də Milli Məclis tərəfindən qəbul edilib.