BAKI, 2 fevral - Sputnik. Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycana gəlib. Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, nazir bu barədə "Facebook" səhifəsində paylaşım edib.
O, azərbaycanlı həmkarı Ceyhun Bayramovla şam yeməyi yeyəcək. Peter Siyarto bildirib ki, o sabah biznes forumda, İqtisadi Komitənin iclasında iştirak edəcək.
------------
18:33
Azərbaycan “OPEC plus” üzrə gündəlik hasilatın artırılması ilə bağlı planın martda da davamını dəstəkləyib.
OPEC+ razılaşması qüvvədədir
Sputnik Azərbaycan-a Energetika Nazirliyindən daxil olan məlumata görə, Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 25-ci iclasında qlobal neft bazarında balansın təmin edilməsi məqsədilə gündəlik neft hasilatının 400 min barrel artırılması planının martda davamına dair qəbul edilmiş qərara Azərbaycan da razılıq verib.
Yeni razılaşma Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin martında daha 7 min barrel artırılaraq 675 min barrelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 43 min barrel həcmində olmasını nəzərdə tutur.
Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barrel artırılmasına, 5,8 mln. barrel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və maydan etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin bu ilin sonunadək uzadılmasına dair qərar qəbul edilmişdir.
Macarıstana qaz ixracı baş tutacaq?
Həmçinin bu gün Azərbaycan Macarıstana təbii qaz nəqli imkanlarını müzakirə edib.
Azərbaycan və Macarıstan hökumətləri arasında Enerji üzrə İşçi Qrupunun 2-ci iclasında EN Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Orxan Zeynalov iki ölkə arasında enerji əməkdaşlığının hazırkı vəziyyətinə dair fikirlərini bölüşüb.
Enerji üzrə İşçi Qrupunun ilk iclasından ötən dövr ərzində enerji sahəsinə investisiya cəlbi istiqamətində təcrübə və məlumat mübadiləsi, ənənəvi enerji daşıyıcılarının marketinqi sahəsində münasibətlərin genişləndirilməsi, bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlıq imkanlarının araşdırılması üzrə qoyulmuş tapşırıqların icrası ilə bağlı tədbirlər görüldüyünü qeyd edib və bu istiqamətdə keçirilmiş görüşlər barədə məlumat verib.
Macarıstan Hökuməti tərəfindən İşçi Qrupunun sədri, Enerji və İqlim məsələləri üçün xüsusi tapşırıqlar üzrə səfir Dora Zombori isə ölkəsinin Azərbaycanla enerji sahəsində əməkdaşlığının inkişafına xüsusi önəm verdiyini bildirib, Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsində Azərbaycanın aparıcı rolunu yüksək qiymətləndirib.
Tədbirdə Azərbaycan-Macarıstan arasında ikitərəfli enerji əməkdaşlığının cari vəziyyəti və mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib, hesabatlar dinlənilib.
Cənub Qaz Dəhlizi çərçivəsində iki ölkə arasında strateji əməkdaşlığın möhkəmləndirilməsi, Macarıstana təbii qaz nəqli imkanları, o cümlədən LNG və CNG nəqli və paylanması sahəsində əməkdaşlıq, Macarıstanın MOL Qrupunun Azərbaycandakı fəaliyyəti, 2 ölkənin enerji tənzimləyici qurumları arasında imzalanmış memorandumdan irəli gələn məsələlər, eləcə də enerji səmərəliliyi və bərpa olunan enerji sahəsində əməkdaşlığa dair müzakirələr edilib, ölkəmizdə bərpa olunan enerji potensialı və bu potensialın reallaşdırılması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan layihələrlə bağlı təqdimat nümayiş etdirilib.
Sonda Enerji üzrə İşçi Qrupunun 2-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Protokolu iclasın həmsədrləri Orxan Zeynalov və Dora Zombori imzalayıblar. İşçi Qrupunun növbəti iclasının Macarıstanda keçirilməsi qərara alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.