BAKI, 2 fevral — Sputnik. "Qaz təchizatı haqqında" qanuna dəyişikliklər kifayət qədər aktual bir problemin həllinə xidmət edir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk plenar iclasda deputat Soltan Məmmədov bildirib.
S.Məmmədov deyib ki, qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin müayinəsi və onlara texniki xidmətlə bağlı səlahiyyətlərin aidiyyəti dövlət qurumlarından qaz paylayıcısına ötürülməsi bu sahədə işin daha effektiv təşkili baxımından vacibdir:
"Dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin əsas səbəblərindən biri texniki xidmət qaydalarına əməl olunmaması, bir çox hallarda isə ümumiyyətlə texniki xidmətin göstərilməməsidir. Hesab edirəm ki, təqdim edilən qanun layihəsi insanların təhlükəsizliyi və sağlamlığının qorunması baxımından vacib bir problemin həllinə kömək edəcək".
Deputat deyib: “Layihə ilə bağlı iki məqam haqqında fikrilərimi bildirmək istərdim. Layihənin 6-3 maddəsinin 4-cü bəndində göstərilir ki, müayinə zamanı aşkar edilmiş nöqsan və (və ya) pozuntuların tərtib edilmiş müayinə aktında göstərilmiş müddətdə lakin bir aydan çox olmayan müddətdə aradan qaldırılması üçün istehlakçı qaz paylayıcısını və ya ixtisaslaşmış podratçını bunun üçün istifadə olunacaq mal-materialla təmin etməyə və ya onların, habelə görülmüş işin dəyərini ödəməyə borcludur.
Layihədə şəffaflığı təmin edən müvafiq müddəalar öz əksini tapıb. Müayinə və texniki xidmət məlumatları reyestrinin yaradılması hesab edirəm ki, bu baxımdan, çox yaxşı düşünülmüş mexanizmdir.
Lakin heç də bütün vətəndaşların, xüsusilə də aztəminatlı ailələrin bir ay müddətində texniki xidmət üçün tələb olunan vəsaiti ödəmək imkanı olmaya bilər. Bu cür hallarla bağlı hansısa güzəşt mexanizminin tətbiq olunması fikrimcə, vətəndaşların mənafeyi baxımından çox yaxşı olardı. Bu, vəsaitin hissə-hissə ödənilməsi, yaxud verilən müddətin müstəsna hallarda uzadılması kimi nəzərdə tutula bilər".
"Digər bir məsələ, “İnzibati Xətalar Məcəlləsi”ndə nəzərdə tutulan cərimələrin məbləği ilə bağlıdır. 542-ci maddənin yeni redaksiyasında fiziki şəxslər üçün nəzərdə tutulan cərimələrin məbləğinə bir daha baxılması, mümkün olduğu təqdirdə bu məbləğin azaldılması həm qanunun işləkliyinin təmin olunması, həm də vətəndaşların mənafeyi baxımından məqsədəuyğun olardı. Həmin maddədə qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək cərimə müəyyən olunub.
Şübhəsiz ki, heç kim, o cümlədən aztəminatlı vətəndaşlar bu cərimələrdən sığortalanmayıb. Bu baxımdan, tətbiq olunan cərimələr də bütün vətəndaşların real imkanlarına adekvat olsa, daha yaxşı olardı”, - deyə deputat bildirib.
Hər iki qanun layihəsini dəstəklədiyini söyləyən Soltan Məmmədov qeyd edib ki, bu qanunların tətbiqi dəm qazından zəhərlənmə hallarının minimuma endirilməsi, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması üçün mühüm əhəmiyyətə malikdir:
"“Azəriqaz” İstehsalat Birliyinin son dövrlərdəki fəaliyyəti bu sahədə də əsaslı dönüş yaradılacağını söyləməyə əsas verir. Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq, “Azəriqaz” İstehsalat Birliyinin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində istehlakçıların fasiləsiz, keyfiyyətli və təhlükəsiz qaydada təbii qazla təchiz edilməsi istiqamətində mühüm addımlar atılıb, ölkədə qazlaşdırma səviyyəsi 96,2 faizə çatdırılıb.
Məmnuniyyət hissi ilə qeyd etmək istərdim ki, son illərdə Xəzər rayonunda da əhalinin təbii qaza ehtiyacının ödənilməsi istiqamətində xeyli iş görülüb. Qurumun ictimaiyyətə açıq fəaliyyəti, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşması da cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu baxımdan əminəm ki, qəbul olunan yeni qanun layihələrinin icrası da uğurla həyata keçiriləcək və ümumilikdə vətəndaşlarımızın təhlükəsizliyinin, sağlamlığının qorunması daha yüksək səviyyədə təmin olunacaq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.