BAKI, 2 fevral — Sputnik. Azərbaycanda qaz paylayıcısı tərəfindən müayinə və texniki xidmət məlumatları üzrə reyestr yaradılacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Qaz təchizatı haqqında" qanuna dəyişiklik edilir.
Təklif edilən dəyişikliyə əsasən, həmin qanuna yeni 6-1-ci maddə "Müayinə və texniki xidmət məlumatları reyestri" əlavə edilir.
Reyestrə daxil edilmiş məlumatlar istehlakçılar üçün açıq olacaq.
Reyestrin aparılması və ondan istifadə qaydası müvafiq qurum tərəfindən müəyyən ediləcək.
Qaz paylayıcısı müayinə və texniki xidmətlə bağlı məlumatları müayinənin və ya texniki xidmətin keçirildiyi vaxtdan 5 iş günündən gec olmayaraq reyestrə daxil edəcək.
Qeyd edək ki, "Qaz təchizatı haqqında" qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir.
Bu qanun 1998-ci ildə qəbul edilib.