İQTİSADİYYAT

Azərbaycan Çindən Avropaya yük daşımalarında payını artırır

Qeyd olunan limanlar arasında ilk gəmi 2019-cu ilin aprel ayında fəaliyyətə başlayıb. Bu günədək marşrut üzrə hər iki istiqamətdə 20 futluq ifadədə 17 500 konteyner daşınıb
Sputnik
BAKI, 2 fevral — Sputnik. Bu ildən 2-ci Çin-Avropa nəqliyyat marşrutunun Xəzər dənizindən keçən hissəsində - Bakı-Türkmənbaşı-Bakı istiqamətində gəmilərin və reyslərin sayı 2-yə çatdırılacaq. İqtisadçı-ekspertlər bunu Azərbaycanın Çindən Avropaya yük daşımalarında payını artırması kimi qiymətləndirir.
Türkmənistanla ticarət dövriyyəmiz artacaq
Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov "Report"a açıqlamasında deyir ki, Bakı ilə Türkmənbaşı arasında hərəkət edən gəmilərin və reyslərin sayının artırılması ilk növbədə iki ölkə arasında ticarət dövriyyəsini artıracaq:
"Son zamanlar Azərbaycanla Türkmənistan arasında iqtisadi əlaqələrin genişlənməsi müşahidə edilir. Ölkələrarasında birgə layihələr reallaşır. Hər iki ölkə arasında mübahisəli hesab edilən "Dostluq" yatağının birgə işlənməsi ilə bağlı qərar qəbul edilib. Bu, məhsul dövriyyəsinin artması və ölkələrin valyuta gəlirlərinin artması baxımından vacibdir. Ümumiyyətlə, Azərbaycan Xəzəryanı ölkələrlə əməkdaşlığı gücləndirilməsində maraqlı olan ölkədir. Odur ki, gəmilərin və reyslərinin sayının artırılması Xəzəryanı ölkələr arasında iqtisadi və ticarət dövriyyələrinin artmasına gətirib çıxaran amillərdan biridir".
"Bir kəmər, bir yol" strategiyası inkişaf etdirilir
Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev isə hesab edir ki, Bakı və Türkmənbaşı arasında gəmi bağlantısının gücləndirilməsi "Asiya və Sakit okean regionu Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa nəqliyyat marşrutu"nun inkişafına hesablanıb.
Çin 2013-cü ildə Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və qarşılıqlı əlaqələrin qurulmasına yönələn "Bir kəmər, bir yol" adlı yeni iqtisadi inkişaf strategiyası elan edib və icrasına başlayıb.
Strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur. "İpək Yolu İqtisadi Kəməri" və "Dəniz İpək Yolu". Çinin məqsədi böyük iqtisadi gücə malik alternativ dəhlizlərin yaradılmasıdır. Çin bir dəhlizdən aslı olmamaq üçün alternativ dəhlizlərin inkişafına diqqət ayırır.
Regionun mürəkkəb geopolitik vəziyyəti alternativ dəhlizlərin inkişafı ilə bağlı mövzunun vacibliyini bir daha ön plana çəkir. Ekspert onu da bildirir ki, multimodal dəhliz vasitəsilə Çinin yükləri Qaşqar bölgəsindən Qırğızıstanı, Özbəkistanı keçməklə Türkmənistana gətirilir, Tükmənistandan da Azərbaycana, Gürcüstana, Türkiyəyə və Avropaya daşınması təmin edilir:

"Bu bizim nəqliyyat sistemimizin daha effektiv işləməsini təmin edir, yük daşınmanın faizini artır, gələcəkdə Zəngəzur dəhlizi üçün də əlavə perspektivlər yaradır. Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərində yüklər daha çox daşınsa, bu, nəqliyyat infrastrukturumuzun daha effektif işləməsi ilə nəticələnəcək və dövlətin gəlirlərini artıracaq".

R.Ağamirzəyev sözügedən dəhlizlərlə yükdaşımanın həcminin hələ ki, çox olmamasına da münasibət bildirib: Pandemiya yükdaşıma sahəsinə əsaslı təsir göstərib. Bütün istehlak zənciri pozulub və bu dövrdə tətbiq edilən sərt karantin qaydalarına görə ölkələr qapanın, istehsalak azalıb.
Pandemiyadan sonra əvvəlki vəziyyətə qayıtma hər bir ölkədə fərqlidir: "Məsələn, ABŞ tam yükdaşımanı bərpa edərək pandemiyadan əvvəlki vəziyyətə qayıdır. Bizim region isə hələ ki, pandemiyadan əvvəlki vəziyyətə gəlməyib. Hazırda dünya üzrə yükdaşımaların 90%-ni dəniz daşımaları təşkil edir.
Mövcud olduğumuz region diktə edir ki, biz multimodal yükdaşımaları inkişaf etdirək. 2020-ci ildə dünyada yükdaşımanın həcmi 12 milyard ton olub, hesablamalara görə, bu göstərici 2030-cu ilə 25 milyard tona çatacaq. Bu, bizim ölkənin üzv olduğu dəhlizlərdə yükdaşımaların artmasına səbəb olacaq. Hazırda ölkədə həyata keçirilən işlər də buna hədəflənib.
İstər Bakı Limanının köçürülməsi, istərsə də Şərq-Qərb dəhlizi üzrə Böyük Kəsik istiqamətində dəmir yolunun modernləşdirilməsi, dəyişən cərəyana keçid xərclərin optimallaşdırılmasına xidmət edir. Son beş ildə görülən işlər gələcəkdə bizim manevr imkanlarımızı artıracaq".
Xatırladaq ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə müəssissi - "ADY Konteyner" MMC və "Türkmənistan Nəqliyyat və Logistika Mərkəzi" ASC-nin birgə operatoru olduğu "Şair Sabir" və "Mahmud Rəhimov" gəmiləri Bakı-Türkmənbaşı-Bakı istiqamətində konteynerlərin daşınmasını həyata keçirəcək. Qeyd olunan limanlar arasında ilk gəmi 2019-cu ilin aprel ayında fəaliyyətə başlayıb. Bu günədək marşrut üzrə hər iki istiqamətdə 20 futluq ifadədə 17 500 konteyner daşınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.