BAKI, 2 fevral - Sputnik. Azərbaycanlı aktyor Anar Xəlilov ilk dəfə "Вечерний Ургант" ("Urqantla axşam") verilişinin qonağı olub. O, Rusiyanın "Eterna. Birinci hissə" serialındakı rolundan danışıb.
Xəlilov etiraf edib ki, film çəkilişlərinə başlayanda teatr məktəbində qılıncoynatma öyrənib. Çox dərsə isə qatılmayıb, çünki kiçik yaşlarından xalasının rəhbəri olduğu sirkdə işləyirmiş.
"Sirkdə 3 yaşımdan 15 yaşımadək çalışdım, əllərim üstə gəzr, salto vururdum", - deyən Xəlilov istedadını əyani şəkildə Urqanta nümayiş etdirib.
Verilişin ən yaddaqalan anlarından biri isə veriliş tarixində ilk dəfə olaraq tamaşaçılardan bir xanımın Xəlilova büsthalterini atması olub. Urqant aktyorun pərəstişkarının bu hərəkətindən şok olub.
"Eterna. Birinci hissə" filminin premyerası bu günlərdə Moskvada baş tutub. Onu rusiyalı yazıçı Vera Kamşinin eyniadlı əsəri əsasında çəkiblər. Çəkilişlər 2020-ci ilin sentyabrında başlayıb. Serialın prodüseri Yevgeni Baranov, rejissoru Yevgeni Nevski, ssenaristi Sergey Yudakovdur. Ümumilikdə beş mövsüm davam edəcəyi nəzərdə tutulur.
Anar filmdə Aldo Rakananın rolunu oynayır. O, həkimiyyət hərisidir və onu əldə etmək üçün əlindən gələni əsirgəmir.
Serialdakı hadisələr qədim Aqaris şəhərində baş verir. Süjetə görə, dünya Qərinələrin Dəyişməsinın astanasındadır. Başı müharibə və intriqalara qarışan insanlar əvvəlki tanrılarının nəsihətlərini unudublar, fəlakətin lap yaxında olduğunu dərk eləmirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.