BAKI, 1 fevral — Sputnik. Son üç ildə axtarışa verilən 80-dən çox şəxs Azərbaycana ekstradisiya edilib. Sputnik Azərbaycan Ədliyyə Nazirliyi Mətbuat Xidmətinə istinadla xəbər verir ki, ötən il Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə (qəsdən sağlamlığa insan həyatı üçün təhlükəli olan ağır zərər vurma) ittiham edilərək beynəlxalq axtarışa verilən şəxs Polşada saxlanılıb.
Ədliyyə Nazirliyi tərəfindən Polşanın səlahiyyətli qurumları ilə aparılan danışıqlar və iki ölkə arasında ekstradisiya sahəsində səmərəli əməkdaşlığın nəticəsi olaraq həmin şəxsin ekstradisiyasına razılıq verilib.
Polşaya birbaşa uçuş reysi olmadığından ekstradisiya olunan şəxsin İstanbul vasitəsilə tranzit olaraq Azərbaycana gətirilməsi barədə qardaş Türkiyə ilə razılığa gəlinib. Nəticədə axtarışda olan şəxs nazirliyin əməkdaşları tərəfindən ölkəmizə gətirilib və istintaqa təhvil verilib.
Səmərəli əməkdaşlıq nəticəsində ötən 3 il ərzində cinayət törətməkdə təqsirli bilinən 80-dən çox axtarışda olan şəxsin Azərbaycana ekstradisiyası təmin olunub.
"Bununla da cinayətkarlıqla mübarizədə müstəsna rolu olan cəzanın labüdlüyü prinsipi təmin edilməklə cinayətkarların özlərini istənilən yerdə azad və təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır," - məlumatda qeyd edilib.