SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Hikmət Hacıyev bölgədə vəziyyət və ABŞ-la münasibətlərin son durumu barədə

Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan əsas təhlükəsizlik çağırışını həll edərək təhlükəsizliyə əsaslanan xarici siyasət konsepsiyasından iqtisadi siyasət konsepsiyasına keçir.
Sputnik
BAKI, 1 fevral - Sputnik. Hərbi işğal faktı sona çatıb və Azərbaycan güc tətbiq etməklə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsinə dair yanlış nümunəyə son verib.
Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Caspian Policy Center”in təşkil etdiyi "ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili" adlı vebinarda deyib.
O bildirib ki, Azərbaycan sülh gündəliyini izləyir və bu gündəlik qonşu və tərəfdaş ölkələrlə dinc əlaqələrin yaradılması mesajıdır.
H. Hacıyev vurğulayıb ki, Azərbaycan tərəfdaş, qonşu ölkələrlə birlikdə Cənubi Qafqazın münaqişə və müharibələrdən azad regiona çevrilməsi istiqamətində fəaliyyət göstərir, regionun parçalanmadan inteqrasiyaya, qarşılıqlı faydalı əlaqələrə əsaslanan regional əməkdaşlığa yönəlməsinə çalışır.
Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına dair danışıqlar beynəlxalq hüquqa uyğun aparılmalıdır:
“Bu saziş beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsiplərinə əsaslanmalıdır. Regionun yeni brendinq strategiyasına ehtiyacı var. Azərbaycan inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun inşası üçün öz rolunu oynamağa hazırdır. Biz burada ABŞ-ı vacib tərəfdaş kimi görürük”.
Prezidentin köməkçisi onu da qeyd edib ki, regionda açılacaq yeni dəhlizlər, xüsusilə də Zəngəzur dəhlizi Ermənistanı blokadadan çıxara və geniş quru əlaqələri olan ölkəyə çevrilə bilər:
“Bizim Mərkəzi Asiyadan olan tərəfdaşlarımız da Zəngəzur dəhlizindən faydalana bilərlər. Amma Zəngəzur dəhlizi bizim qonşu Gürcüstanla regionda yaratdığımız digər potensial dəhlizləri istisna etmir”.
Hikmət Hacıyev əlavə edib ki, Ermənistan regional əməkdaşlığın rol modeli olan, hörmətə əsaslanan qarşılıqlı faydalı Gürcüstan-Azərbaycan əməkdaşlığından öyrənə, bu əməkdaşlıq əlaqələrinə qoşularaq fayda əldə edə bilər.
ABŞ-Azərbaycan əməkdaşlığının vacib komponenti
Hikmət Hacıyev həmçinin qeyd edib ki, enerji təhlükəsizliyi ABŞ-Azərbaycan əməkdaşlığının vacib komponentidir.
Onun sözlərionə görə, ABŞ hökumətinin dəstəyi və ABŞ şirkətlərinin aktiv iştirakı Azərbaycan üçün beynəlxalq bazarlara öz karbohidrogen resurslarını müstəqil və birbaşa şəkildə ixrac etmək imkanı yaradır:
“Azərbaycan ABŞ-ın Cənubi Qafqazda ən çox investisiya qoyduğu ölkədir və bu təxminən 19 milyard ABŞ dolları təşkil edir. Azərbaycanda təxminən 300 ABŞ şirkəti fəaliyyət göstərir. Azərbaycan da, həmçinin ABŞ iqtisadiyyatına investisiya qoyulmasına təşviq edir. Lakin biz iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün daha çox iş görməliyik".
Hikmət Hacıyev bildirib ki, azad edilmiş ərazilərin bərpası Azərbaycan hökumətinin fəaliyyətinin qarşısındakı prioritetdir:
"Biz, həmçinin ABŞ şirkətlərini (azad edilmiş ərazilərə-red.) sərmayə yatırmağa, Azərbaycan hökumətinin bu ərazilərdəki yenidənqurma, reabilitasiya, bərpa cəhdlərinin dəstəklənməsində daha aktiv iştiraka həvəsləndiririk. Bizim dağıntılardan 7 yeni şəhər tikilməsi ilə bağlı öhdəliyimiz var, azad edilmiş ərazilərdə hər şey dağıdılıb”.
Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan əsas təhlükəsizlik çağırışını həll edərək təhlükəsizliyə əsaslanan xarici siyasət konsepsiyasından iqtisadi siyasət konsepsiyasına keçir.
ABŞ-Azərbaycan əlaqələri və uğur hekayəsi
“ABŞ-Azərbaycan əlaqələrinin 30 ili iki ölkə arasında dostluğun və əməkdaşlığın inkişafı baxımından uğur hekayəsidir”, - Hikmət Hacıyev deyib.
O bildirib ki, Azərbaycan 11 sentyabr hadisələrindən sonra ABŞ-ın başlatdığı terrorçuluğa qarşı mübarizəyə göstərdiyi hərbi və logistik dəstəyi ilə yaxşı dost olduğunu sübut edib:
“Ölkələrimiz arasındakı əlaqələrin və dostluğun tarixi səfir Hafiz Paşayevin “Bir səfirin manifesti” adlı kitabında çox yaxşı izah edilib. ABŞ-ın Azərbaycana dəstəyi ölkəmizin suverenliyi və müstəqilliyini gücləndirir. Bu dəstəyin regional təhlükəsizliyin vacib komponenti olduğu təsdiq edilib. Bu illər boyunca ABŞ və Azərbaycan əməkdaşlığı yeni səviyyələrə qalxıb. 11 sentyabr hadisələri ABŞ-Azərbaycan əməkdaşlığında dönüş nöqtəsi idi. Bizim hər zaman dediyimiz kimi, dost dar gündə tanınar. Azərbaycan da, terrorizm əleyhinə alyansa qoşuldu və öz logistik dəstəyini təmin etdi”.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanın Əfqanıstandakı missiyaya hərbi qüvvə dəstəyi ilə azərbaycanlı və ABŞ əsgərləri terrorçuluğa qarşı çiyin-çiyinə döyüşüblər.
H. Hacıyev vurğulayıb ki, azərbaycanlı və ABŞ əsgərlərinin terrorçuluğa qarşı həyata keçirdiyi daha bir əməliyyat isə İraq missiyası olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.