TƏHSİL

Bakı məktəbləri psixoloq axtarır

Psixoloq ixtisasları üzrə ali məktəb bitirmiş, sənədi tanınan Azərbaycan vətəndaşları müsabiqədə iştirak edə bilərlər.
Sputnik
BAKI, 1 fevral — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilir.
Sputnik Azərbaycan xəbər verir ki, psixoloq vəzifəsi üzrə işə qəbul olmaq istəyən şəxslər fevralın 1-dən etibarən keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat prosesi fevralın 14-ü başa çatacaq.
Müsabiqə 5 mərhələdən (elektron qeydiyyat, elektron ərizələrin yoxlanılması, test imtahanı, müsahibə mərhələsi və vakant yerlərin seçimi) ibarətdir.
Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediləcəklər.
Müsabiqənin test imtahanı mərhələsində namizədlərə 40 sual (30 psixologiya, 5 məntiq, 5 İKT) veriləcək. Uğur qazanmış namizədlər müsahibələrdə iştirak etmək hüququ qazanacaqlar.
Qeyd edək ki, məktəb psixoloqlarının işə qəbulu müsabiqəsində ali təhsil müəssisələrini psixoloq ixtisasları üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan vətəndaşları (və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər) iştirak edə bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.