Memar: Hazırda istifadə olunan materialların hamısı inşaatdan çıxarılmalıdır
Memar deyir ki, indi bina yüngül olsun deyə, onun içini boş kərpiclərlə tikirlər, amma heç düşünmürlər ki, Bakı seymsik zonadır, kərpicin ovxalanıb una çevrilməsinə görə 2 saniyə yetərlidir.
SputnikBAKI, 31 yanvar — Sputnik. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “Yaşayış binaları: Layihələndirmə normaları”nı təsdiq edib. Beləcə Azərbaycanda tikiləcək 1-2, eyni zamanda çoxotaqlı mənzillərə dair tələblər müəyyənləşib.
Mənizllərlə bağlı sakinləri narahat edən əsas problemlər sırasında mənzillərin çöl, iç divarının kvadrat metrə daxil edilməsi, qonşu divarlardan səsin eşidilməsidir.
Çoxlarının etirazına səbəb olan normativlər əslində necə olmalıdır,
Sputnik Azərbaycan bunu araşdırmağa çalışıb.
Daşınmaz əmlak üzrə ekspert
Elnur Azadov Sputnik Azərbaycan-a açıqlamasında öncə sovet ödvrünün normativlərindən misal çəkib, bildirib ki, keçmiş sovet ölkələrində ötən əsrin 80-ci ilərində inşaat normotivləri ilə bağlı qəbul edilən sənəd mövcuddur:
"Həmin ölkələrdə daha çox həmin sənədin təkminləşdirilmiş formalarından istifadə edilir. Artıq 10 ildir ki, Azərbaycanda tikinti məcəlləsində əks olunan - 59.3-ü maddəyə əsasən mənzil sahəsi çöl-iç divarlar nəzərə alınmadan hesablanır. Həmçinin, havalandırma xəttinin kvadratmetrdə nəzərə alınmadığı qeyd olunur. Qanunda belə yazılıb, lakin tikinti şirkətləri illər öncə çöl divarlarını da qiymətdə hesablayırdılar. Çöl divarlar-qonşularla ara divarlar 30 santimetrlik kərpiclə tikilməlidir. Şirkətlər həmin divarlarını yarısını sayırdılar. Həmçinin iç divarlarını hesaba alırdılar".
Ekspert vurğulayır ki, daha öncəki illərdə mənzildən digərinə səs keçməsi halları olurdu:
"Bənzər hallar keçmişdə, nəzarətsiz vaxtda olurdu. Lakin hazırda düşünmürəm, həmin problem qalmaqdadır. Həmin dövrdə bunun səbəbi o idi ki, qonşularla ara divarlarını daha dar kərpicdən tikirdilər. Həmin kərpic isə əslində yalnız arakəsmə məqsədi ilə istifadə olunmalı idi, yəni, mənzillərarası qonşu divarlarda istifadə olunmamalı idi. Lakin artıq inşaat sahəsində nəzarət gücləndirilib".
Elnur Azadov vurğulayır ki, mənzildən digərinə səs keçirsə, bunu araşdırmaq lazımdır:
"Qeyd edim ki, çöl divarlarda 19 santimetrlik kərpicdən istifadə olunur. Əgər mənzildən mənizlə səs keçirsə, binanın qalınlığının neçə santimetr kərpiclə hörüldüyü araşdırılmalıdır. Vətəndaş qonşu mənzildən səs gəldiyini düşünürsə, aidyyəti quruma müraciət etməlidir".
Qocaman memar
Fəxrəddin Miralayev Sputnik Azərbaycan-a açıqlamasında vurğulayıb ki, binalarda mənzillərin səs ötürməsi problemi sovet dövründə mövcud idi:
"Hələ o zaman da iki qonşunun arasındakı divara alçipan vurulurdu və o cəmi 10 santimetr qalınlığı malik idi. Beləcə qonşunun evindəki səs digərində eşidilirdi".
Mütəxəssis qeyd edir ki, indi bina yüngül olsun deyə, onun içini boş kərpiclərlə tikirlər:
"Amma heç düşünmürlər ki, Bakı seymsik zonadır, kərpicin ovxalanıb una çevrilməsinə görə 2 saniyə yetərlidir. Bundan başqa, kərpicin içi boş olur deyə səs daha yaxşı keçir. Camaatın beton paneldən tikilmiş binalardan xoşu gəlmir. Deyirlər ki, divar nəfəs almır. Divar niyə nəfəs almalıdır? Divar isti və soyuqdan qorumaq məqsədi ilədir, nəfəs almaq lazmısa, pəncərəni açsınlar".
Memarın sözlərinə görə, divarın qalınlığı 40 santimetr olmalıdır:
"Baxın, 50 il ərzində belə mənzildə yaşamışam, heç sıxıntı yaşamamışam, nəmişik olmayıb. Lakin özümün tikdiyim, layihəsinin müəllifi olduğum evdə divar kağızları qopur. Çünki biz Avropaya inandıq. Avropalılar bizim boynumuza qoydular ki, divarın içində daşlararası toxunma olmamalıdır, divarların nəfəs alması üçün aralarında boşluq qalmalıdır. Əslində yanlış fikirdir. Sovet dövründə daşların arasını palçıqla doldurardılar. Belə olanda həm zəlzələyə qarşı önləyici tədbir görülürdü, beləcə binalar uçmurdu. Amma indi, hörgü yoxdur. Daşlar bir-birinə yapışdırılmayıb. Yağış yağanda iki daşın içi su olur. Ay ərzində o su içəriyə doğru, evə axmağa başlayır. Ona görə daşı hörəndə arasını sementlə doldurmaq lazımdır. Çox yerlərdə daşın künclərini betondan edirlər, betonun arasını isə sıra daşla hörürlər, adını qoyurlar ki, binanı beton saxlayır. Axı bunun yağışı, qışı var".
Memar bildirir ki, beton, kubik səsi ötürmür. Lakin nazik kərpic, alçipan səsi ötürür.
Qocaman memarın sözlərinə görə əvvəllər SSRİ Tikinti Komitəsi vardı, tikintiyə aid bütün detallar komitə tərəfindən hesablanırdı:
"Həmin komitə armaturun qalınlığını, sementin tərkibini, onun markasını öyrənirdi. İndi heç kim heç nəyə baxmır. Keçmişdə Dadaşov adına İnşaat Materialları İnstitutu vardı, indi isə o yoxdur, yerində Fövqəladə Hallar Nazirliyini yaradıblar. Əslində, qeyd etdiyim göstəricilər öncəki kimi hesablanmalıdır".
Fəxrəddin Miralayevin sözlərinə görə, inşaat materailı seçərkən buna diqqətlə yanaşmaq lazımdır:
"Hazırda istifadə olunan materialların hamısı inşaatdan çıxarılmalıdır. Elə inşaat materialları mövcuddur ki, ondan hündür ev tikmək olmaz, onlardan yalnız doldurucu vasitə kimi ki 1-2 mərtəbəli evlərin, yaxud tövlənin tikintisində istifadə etmək olar. Ancaq indi bundan evlər tikirlər. İnşaat materialına diqqətlə yanaşmaq lazımdır. Min illərlə Azərbaycanda istifadə olunan materiallar var. Əslində, xoşbəxtik ki, külli miqdarda əhəng daşı mədənlərinə sahibik. Kərpicimiz var. Belə olan halda binanı, evi niyə normal materialdan tikməyək ki?! Niyə gedib xaricdən material almalıyıq? Xaricdə külək əsəndə, sel gələndə evlər uçur, selə qərq olur".
O evin hündürlüyü məsələsindən söz açıb, bildirib ki, 3.20 metr ən ideal göstəricidir: "Belə evdə özünü insan kimi hiss eləmiş olursan".
Memar digər etirazlarını dilə gətirib, müdaxilələrdən söz açıb. Memar belə düşünür ki, əksər hallarda belə müdaxilələr pul qazanmaqda vasitədir:
"Ev tikərkən heç kimin ixtiyarı çatmır ki, gəlib desin ki, bunu niyə belə layihələndirdin. Lakin pul qazanmaqdan ötrü müəyyən şuralar yaradıblar. Onların işçiləri gəlib deyir ki, sənin buna ixtiyarın çatmır, 12 metrdən yüksək ev tikə bilməzsən. Axı sən kimsən, işin müəllif mənəm, ideyam belədir".
Mütəxəssisin sözlərinə görə, bəzən çox hündür evi qışda isitmək olmur, beləcə əlavə problemlər yaranır. Yaşayış sahəsi ilə bağlı sualı cavablandıran Fəxrəddin Miralayev vuğulayır ki,əvvəllər hamam-tualet mənzil sahəsinə aid edilmirdi:
"Yalnız yaşayış sahəsi evin kvadratında hesablanırdı. Amma baxın, təsəvvür edin ki, tikintini həyata keçirən şirkətəm və mənə pul verirlər ki, binanı tik. Mən tikəndə yalnız o boş sahəni sadəcə olaraq divardan-divara tikmirəm axı. Mən tikəndə divarın qalınlığını, evin çöl tərəfini işləyirəm, material, pul, enerji xərcləyirəm, işçi qüvvəsi tuturam".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.