BAKI, 31 yanvar — Sputnik. Omikron ştammının yoluxduruculuğu bir neçə dəfə yüksək olduğu üçün infeksiyanın dünya ölkələri arasında daha geniş yayılması müşahidə olunur. Son məlumatlara görə, hazırda dünyanın 110-dan çox ölkəsində koronavirus infeksiyasının Omikron ştammı müəyyən edilib.
Sputnik Azərbycan-ın xəbərinə görə, bunu Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva deyib.
O bildirib ki, bununla əlaqədar olaraq, ölkədə koronavirusun genetik variantlarının aşkar edilməsi üçün nəzarət gücləndirilib: “Aparılan elmi tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Ötən ilin yanvarın 18-dən etibarən Azərbaycanda peyvəndləmə həyata keçirilir və bugünədək uğurla davam etdirilir. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində ölkədəki epidemioloji vəziyyətin sabit qalmasına nail olunub".
Nazirlik rəsmisi bildirib ki, COVID-19 infeksiyasına gündəlik yoluxmada artım yalnız Azərbaycanda deyil, bir çox Avropa və postsovet ölkələrində müşahidə edilir: "Belə ki, yanvarın 30-da Almaniyada sutka ərzində yeni COVID-19 infeksiyasına 119 minə yaxın, Rusiyada 121 mindən artıq, Ukraynada 25 minə yaxın, əhalisi 4 milyona yaxın olan qonşu Gürcüstanda isə 17 500-dan artıq yoluxma halı qeydə alınıb. Bir neçə həftə ərzində Omikron ştammı daha çox yayılıb və digər növlərin sıxışdırılması artıma səbəb olub.
Azərbaycanda yoluxmaların sayının kəskin artmasına baxmayaraq, test nəticəsi pozitiv çıxan şəxslərin xəstəxanaya yerləşdirilməsi halları eyni dinamika ilə inkişaf etmir və gündəlik hospitalizasiya sayı stabil olaraq eyni qalır. Bunun da əsas səbəbi odur ki, peyvənd olunanlar virusa yoluxduqda xəstəliyi yüngül keçirirlər”.
Afaq Əliyeva qeyd edib ki, koronavirusun Omikron ştammının simptomları çox vaxt kəskin respirator infeksiya simptomlarına bənzəyir: “Yeni ştamm əsasən yuxarı tənəffüs yollarına - burun və boğaza təsir edir, koronavirus infeksiyasının digər ştammlarına nisbətən ağciyərlərə daha az yayılır. Omikronun ən çox qeydə alınan simptomları - baş ağrısı, burun axması və boğaz ağrısıdır. Həmçinin, yeni ştamma yoluxmuş şəxslər yorğunluq, qızdırma, bədən ağrıları və gecə tərləmələrindən şikayətlənirlər.
Koronavirus infeksiyasına qarşı ən yüksək müdafiəni peyvənddən sonra yaranan anticisimlər verir. Omikron ştammına yoluxanlar, xüsusilə də peyvənd olunan şəxslər xəstəliyi daha yüngül keçirirlər. Belə ki, Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinin elmi araşdırmaları göstərir ki, vaksinin buster dozası 50 yaşdan yuxarı insanlarda Omikron ştammına qarşı müdafiəni 95 faiz artırır. Eyni zamanda, vətəndaşlarda Omikron ştammına görə xəstəxanaya düşmək riskini 88 faiz azaldır. Araşdırmalara görə, yeni ştammın inkubasiya dövrü daha qısadır, lakin Omikron ilə təkrar yoluxma riski “Delta” ştammı ilə yoluxmadan bir neçə dəfə çoxdur. Yayılan yeni ştammdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra gücləndirici (buster) doza ilə peyvəndlənmək vacibdir. Xatırladım ki, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək. Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da (fiziki məsafənin gözlənilmasi, maskalardan istifadə və gigiyenik qaydalar) riayət olunmalıdır”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.