PAYTAXT XƏBƏRLƏRİ

Bakıda bu ərazilərdə suyun verilməsi dayandırılacaq

Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar suyun verilməsində məhdudiyyətlər olacaq
Sputnik
BAKI, 30 yanvar — Sputnik. Bakının bir sıra ərazilərində su kəsiləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.
"Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 30 yanvar 2022-ci il tarixində gün ərzində Azadlıq prospekti, Qəzənfər Musabəyov küçəsi və Xutor ərazisinin bəzi hissələrinə suyun verilməsində məhdudiyyətlər olacaq", - deyə ASC rəsmisi qeyd edib.
Azərsu ASC — Azərbaycan Respublikasında su təchizatı sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən, mərkəzləşdirilmiş qaydada istehlakçıları içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən dövlət şirkətidir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.
1993-cü ildə ölkədə sabitlik bərqərar olunduqdan sonra qarşıda duran əsas vəzifə iqtisadiyyatın bir çox sahələrində olduğu kimi, su təchizatı sistemindəki çətinlikləri də aradan qaldırılmaqdan ibarət idi.
İlk növbədə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrinin içməli su ilə təchizatının yaxşılaşdırılmasına imkan verə biləcək bir qurumun yaradılmasına başlanıb. Bununla əlaqədar olaraq, iki sabiq dövlət qurumu olan "Kommunsənayesutəchizatı" İstehsalat Birliyi və "AzSuGEO" Elmi-Tədqiqat İnstitutunun əsas və dövriyyə vəsaitlərinin zəminində Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 1995-ci ildə Abşeron Regional Səhmdar Su cəmiyyəti yaradılıb.
Həmin dövrdə MDB ölkələri arasında ilk dəfə olaraq "Böyük Bakının su təchizatı sisteminin yenidənqurulması layihəsi" üçün beynəlxalq maliyyə institutlarından su sektoruna güzəştli şərtlərlə kredit ayrılmasına nail olundu və bu layihə uğurla həyata keçirilib.
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 11 iyun 2004-cü il tarixli Sərəncamı dövlət başçısının bu sahəyə olan böyük qayğı və diqqətinin təzahürü olaraq islahatların aparılması və idarəetmə strukturunun təkmilləşdirlməsi istiqamətində həyata keçirilən işlərin daha da sürətləndirilməsinə geniş şərait yaradıb.
Həmin Sərəncama müvafiq olaraq aparılan islahatlar və təkmilləşdirmələr çərçivəsində Abşeron Regional Səhmdar Su cəmiyyəti "Azərsu" Səhmdar Cəmiyyətinə çevrilmiş, Bakı şəhər İcra Hakimiyyətinin "Bakıkanalizasiya" İstehsalat Birliyinin və Dövlət Tikinti və Arxitektura Komitəsinin ləğv edilmiş "Azərsukanaltəmir" və "Azərkəndsutəchizat" İstehsalat Birliklərinin respublikanın şəhər və rayonlarındakı müəssisə və təşkilatları onun tabeliyinə verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
"Azərsu" ötən il sudan qanunsuz istifadəyə dair polisə 200 fakt təqdim edib